Bir kliklə başlayan təhlükə: Milyardlarla ölçülən şübhəli pul axınları


TikTok və YouTube kimi sosial media platformalarında uşaqların zərərli reklamlara məruz qalması, canlı yayımlarda isə rəqəmsal hədiyyə sistemi vasitəsilə qanunsuz pul dövriyyəsinin həyata keçirilməsi ilə bağlı narahatlıqlar artır.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "CNN Türk" nəşri məlumat yayıb.
Orta Şərq Texniki Universitetinin (ODTÜ) kommunikasiya üzrə mütəxəssisi, doktor Nazif Kutay Erden bildirib ki, bəzi platformalarda uşaqlar və yeniyetmələr alkoqol, qumar, narkotik və seksual məzmunlu reklamlarla qarşılaşırlar. Bundan başqa, bəzi canlı yayımlarda dini və tarixi dəyərlər rəqəmsal hədiyyə toplamaq məqsədilə kommersiya vasitəsinə çevrilir.
Ekspertin sözlərinə görə, rəqəmsal hədiyyə sistemi qanunsuz pul köçürmələri və çirkli pulların yuyulması üçün də istifadə oluna bilər. O, Ankara Respublika Baş Prokurorluğu və Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) bir neçə gün əvvəl keçirdiyi əməliyyat zamanı TikTok canlı yayımlarındakı hədiyyə sistemi üzərindən 1,9 milyard lirəlik şübhəli pul dövriyyəsinin aşkarlandığını bildirib.
İddialara görə, cinayətkar qruplar qanunsuz yollarla əldə etdikləri pulları gül, şir və digər virtual hədiyyələrə çevirərək yayımçılara göndərir, daha sonra komissiya tutulmaqla həmin vəsaitləri nağdlaşdırırlar.
Erden uşaqların canlı yayımlarda qazanc vasitəsi kimi istifadə edilməsini də ciddi problem adlandırıb. O, platformalarda reklamların süni intellekt vasitəsilə əvvəlcədən yoxlanılmasını və nəzarətin gücləndirilməsini vacib sayıb.
Dərc vaxtına görə
Demokrat.azoxuduğunuz
Bir kliklə başlayan təhlükə: Milyardlarla ölçülən şübhəli pul axınları
