"Beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir" - Qurban Qurbanov


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə heç-heçə etdikləri matçdan (0:0) danışıb.
Xitab24.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını belə dəyərləndirib:
"Buradakı atmosferə, nümayiş etdirdikləri futbola görə “Kəpəz”in rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirəm. Həqiqətən, sanki Avropada, avrokubok matçında idik. Oyundan bir saat əvvəl meydançaya çıxmışdıq və həmin atmosferi hiss edirdik. Əsl futbol üçün hər cür şərait var idi.
Futbolçularıma da təşəkkür edirəm. Qələbə qazanmaq üçün sona qədər mübarizə apardılar. Azarkeşlərimiz də burada idi və sonadək komandaya dəstək oldular. Heç kim uduzmaq istəmirdi. Göstərdikləri mübarizəyə görə ən azı məğlub olmamağa layiq idilər.
Bizə gəlincə, geriyə addım yoxdur, yalnız irəliyə baxacağıq. Qarşıdakı oyunlara daha pozitiv hazırlaşmalı, rəqiblərimizin üzərinə getməliyik. Bizə qarşı həmişə hansısa sistem dəyişikliyi edilir, rəqiblərin istəyi böyük olur. Azarkeş marağı da yüksəkdir. Bu, “Qarabağ”a verilən dəyəri göstərir.
Əvvəlki oyunlarda da çempionatın gücünü hiss etmişdik. İndi bunu daha yaxşı anlayırıq. Yeni gələn futbolçular da getdikcə çempionatın səviyyəsinə uyğunlaşırlar. Bu oyun bir daha göstərdi ki, daha yaxşı və məsuliyyətli olmalıyıq. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı kollektiv və nəticələr görəcəksiniz”.
Bu stadionun əvvəlki vaxtlarında da oyunumuza 25 minə yaxın azarkeş gəlmişdi. Hətta bu, rekord olmuşdu. Burada həmişə azarkeş olub, xüsusilə də bizim oyunlarımıza böyük maraq göstərilib. O vaxtkı “qızıl oyun”un atmosferi də var idi. 2004-cü ildəki qarşılaşmada stadion tam dolmuşdu. Bu dəfə də sonadək gözəl atmosfer hökm sürdü. Həm meydança yaxşı idi, həm azarkeş çox idi, həm də futbol mədəniyyəti hiss olunurdu. Mənim üçün ən xoş məqamlardan biri oyunun gedişində nalayiq ifadələrin işlədilməməsi idi. Sırf futbola azarkeşlik gördük.
Əlbəttə, beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir. Xallar itiririk və bununla razılaşmamaq mümkün deyil. Ola bilər ki, qarşıdakı oyunlarda da xal itkilərimiz olsun.
İlk növbədə, əlimizdəki futbolçuları daha yaxşı vəziyyətə gətirməliyik. Digər tərəfdən, axtarışlarımız ilboyu davam edir. Transfer etdiyimiz 1-2 futbolçunun dərhal uğurlu olması böyük üstünlükdür. Bəzilərinə isə uyğunlaşmaq üçün daha çox vaxt lazım gəlir. Hər halda, heyətimizi genişləndirmək istəyirik və danışıqlar gedir. Amma bu, uğursuzluğun və məsuliyyətin transferlərin üzərinə atılması demək deyil. Bu futbolçuları da inanaraq komandaya gətirmişik və onlara güvənirik. Hazırkı heyətlə daha keyfiyyətli oyunlar göstərməyə qadirik.