Bernardo Silva: "Kriştiano həmişə Portuqaliyanın kapitanı olub"


Bernardo Silva Kriştiano Ronaldunun Portuqaliya millisindəki karyerasını başa vurmasından sonra öz statusunda baş verən dəyişikliklər barədə danışıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu prosesi təbii adlandırıb və Ronaldunun 12 il ərzində komandanın lideri olduğunu vurğulayıb. "Kriştiano həmişə bizim kapitanımız olub. O, yığmadan ayrıldıqdan sonra gənc oyunçulara dəstək olmaq, komanda daxilində əmək və məsuliyyət mədəniyyətini qorumaq artıq daha təcrübəli futbolçuların üzərinə düşür. Kapitanlardan biri olmaq böyük şərəfdir. Bu, artıq uzun illər burada olduğumun və millini təmsil etmək imkanı qazandığımın göstəricisidir. Komandanın uğur qazanması üçün nə lazım olduğunu bilirəm və bu rolu böyük qürurla qəbul edirəm. Əlimdən gələni edəcəyəm. Təbii ki, bu, kədərli anıdır. Kriştiano 23 il millidə çıxış edib. Mən isə 12 ildir buradayam və yığmanı yalnız Kriştiano ilə tanımışam. Bu, hamımız üçün yeni bir mərhələ olacaq. Hər halda, bu gün bir gün gələcəkdi. Onunla eyni paltardəyişmə otağını bölüşmək mənim üçün qürur mənbəyi idi. İndi isə yolumuza davam edirik və son illərdə olduğu kimi uğura doğru irəliləyirik."
Bernardo Silva Ronaldunun daim diqqət mərkəzində olduğunu qeyd edib: "Bəli, diqqət baxımından indi liderlərə əlavə təzyiq ola bilər. Hamı Kriştianonun nə qədər böyük əhəmiyyət daşıdığını bilir. Stadionda azarkeşlərin böyük hissəsi məhz onu görmək üçün gəlirdi. İndi bu, artıq olmayacaq. Digər tərəfdən, bizim futbolçular klublarında da daim diqqət, təzyiq və məsuliyyət altında oynamağa öyrəşiblər. İşlər istənilən kimi getməyəndə tənqid olunmağa da adət ediblər. Bu, bizim üçün böyük problem deyil."
