Berman Alpine-ə keçə bilər: Briatore ilə danışıqlar aparılır


Oli Bermanın menecerlərinin 2027-ci il mövsümü üçün Alpine-in faktiki rəhbəri Flavio Briatore ilə danışıqlar apardığı iddia olunur. Haas pilotunun Ferrari ilə əlaqələrini kəsərək Alpine-ə keçməyi hədəflədiyi bildirilir. Bu isə Franko Kolapintonun komandadakı gələcəyini sual altına salıb.
Formula 1-də 2027-ci il mövsümü üçün hələ müqavilə imzalamadığı bildirilən yeganə pilot olan Oli Bermanın gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.
RacingNews365-in məlumatına görə, britaniyalı sürücünün menecerləri 2027-ci ildə Alpine adından yarışa bilməsi üçün Flavio Briatore ilə fəal danışıqlar aparırlar.
Məlumatda Berman və ətrafının Ferrari ilə əlaqələrini, bununla yanaşı Haas-la əməkdaşlığını da bitirməyə çalışdığı bildirilir. Bunun əsas səbəbi Ferrari-nin 2028-ci il mövsümündə ona İtaliya komandasında yarışmaq zəmanəti verməyə hazır olmamasıdır.
Kolapintonun Alpine-dəki gələcəyi qeyri-müəyyəndir
Bermanın Alpine-ə keçəcəyi təqdirdə Franko Kolapintonun yarış yerini itirə biləcəyi iddia olunur. Argentinalı pilotun gələn mövsüm üçün müqaviləsi var. Onun sponsoru Mercado Libre-nin komandaya ildə ən azı 20 milyon dollar maliyyə dəstəyi verdiyi bildirilir. Lakin bu dəstək Kolapintonun yarış yerini qoruyacağına zəmanət vermir.
Məlumata görə, Briatorenin Kolapintoya münasibəti avqustun sonunda müqaviləsinin elan edilməsindən sonra mənfi istiqamətdə dəyişib. Bu dəyişiklikdə bir neçə hadisənin rol oynadığı irəli sürülür.
Onların başında Bakıdakı yarışda komanda yoldaşları arasında yaşanan toqquşma gəlir. İlk onluq uğrunda mübarizə aparan Kolapinto Pyer Qasli ilə toqquşaraq hər iki Alpine pilotunun yarışı vaxtından əvvəl başa vurmasına səbəb olub. Argentinalı sürücü qəzanın bütün məsuliyyətini üzərinə götürsə də, hadisənin Briatorenin narazılığına səbəb olduğu bildirilir.
İki avtomobilin də yarışdan kənarda qalması Alpine üçün ciddi itki olub. Komanda Azərbaycanda beşinci yer uğrunda mübarizə aparmaq və bununla da Mühəndislər Çempionatından daha çox gəlir əldə etmək imkanını əldən verib.
Məlumatda diqqət çəkən digər məqam isə Kolapintonun bəzi argentinalı azarkeşlərinin sosial şəbəkələrdəki davranışlarıdır. Digər pilotlara və komanda əməkdaşlarına qarşı təhqir və təhdidlərin Alpine-in imicinə mənfi təsir göstərdiyi iddia olunur. Komandanın 2027-ci ildə moda brendi Gucci ilə başlayacaq titul sponsorluğu əməkdaşlığından əvvəl belə mübahisələrdən uzaq qalmaq istədiyi bildirilir.
Kolapinto ehtiyat pilot ola bilər
Alpine Bermanla razılığa gələrsə, Kolapintonun üçüncü pilot vəzifəsinə keçirilə biləcəyi irəli sürülür. Pol Aronun komandadan ayrılmasından sonra bu mövqe boş qalıb.
Haas və Alpine-in 2027-ci il heyətləri ilə bağlı yekun qərarların qış fasiləsi başlamazdan əvvəl açıqlanacağı gözlənilmir. Haas komandasının rəhbəri Ayao Komatsu qısa müddət əvvəl Bermanın müqavilə məsələsinin yaxın zamanda həllini tapacağını demişdi. Lakin son iddialar gənc pilotun gələcəyi ilə bağlı danışıqların hələ yekunlaşmadığını göstərir.
