Benatiya: "Longoriya mənə yalan danışıb"


"Marsel"in sabiq idman direktoru Mehdi Benatiya klubun keçmiş prezidenti Pablo Longoriyanı komandanın maliyyə vəziyyəti barədə məlumatı gizlətməkdə ittiham edib.
Offsideplus.az xəbər verir ki, Benatiya Canal+ telekanalına müsahibəsində 2026-cı ilin əvvəlində Küveytdə "Marsel"in sahibi Frenk Makkort ilə görüşündən danışıb. Onun sözlərinə görə, məhz həmin vaxt klubun ciddi maliyyə problemləri olduğunu öyrənib.
"Hətta baş məşqçi Roberto De Zerbi də bu barədə xəbərsiz idi. O, yanvarda transferlər üçün 30 milyon avro büdcəmizin olacağını düşünürdü və aparıcı hücumçu almağı planlaşdırırdı. Mən ona dedim: 'Məşqçi, sən başa düşmürsən, biz 35 milyon avro qazanmalıyıq, ağıllı həllər tapmalıyıq'. O isə təəccübləndi: 'Nə? Mənə tamamilə başqa şey demişdilər'. Mən də dedim: 'Mənə də'. Longoriya mənə yalan danışıb. Bunu efirdə deyirəm – o, mənə yalan danışıb! Əlbəttə, yalan danışıb!" – deyə Benatiya bildirib.
