“Baykar” “İlk dizayndan ilk təhvilə qədər “Bayraktar” KIZILELMA” paylaşımını edib


“Baykar” şirkətinin hazırladığı “Bayraktar” KIZILELMA 2026-cı il noyabrın 19-da döyüş tapşırıqlarını yerinə yetirməyə hazır vəziyyətdə təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Baykar” şirkətinin hazırladığı “Bayraktar” KIZILELMA 2026-cı il noyabrın 19-da təhlükəsizlik qüvvələrinə təhvil verilib. “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar bu təhvil-təslimin dünya aviasiya tarixində ilk olduğunu bildirib.
“Baykar” Türkiyənin pilotsuz döyüş təyyarəsi hazırlamaq istiqamətində apardığı işlərdə daha bir mühüm mərhələnin başa çatdığını açıqlayıb. İlk dizayndan ilk təhvilə qədər davam edən prosesdə hazırlanan “Bayraktar” KIZILELMA gələcəyin hava döyüşlərində tapşırıqları yerinə yetirmək üçün təhlükəsizlik qüvvələrinə təqdim edilib.
“Baykar” şirkətinin sosial media hesabında yayımlanan açıqlamada KIZILELMA-nın insansız hava sistemləri sahəsində fəaliyyətə başlanılan ilk gündən etibarən ən böyük arzu və hədəf olduğu vurğulanıb.
“KIZILELMA artıq gələcəyin hava döyüşləri üçün vəzifə başındadır”, - deyə paylaşımda bildirilib.
“Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar təhvil-təslim mərasimində çıxışı zamanı KIZILELMA-nın təxminən 20 illik arzunun nəticəsi olduğunu bildirib.
KIZILELMA-nın xalqın tarixindən qaynaqlanan böyük bir idealı təmsil etdiyini qeyd edən Bayraktar çıxışında deyib:
“Dostlar, sizinlə birlikdə daha bir tarixi gün yaşayırıq. Xeyirli və uğurlu olsun. Kızılelma xalqımızın tarixdən gələn böyük idealıdır. İnsansız hava aparatları üzərində işləməyə başladığımız gündən, təxminən 20 il əvvəlki arzumuzdur. Bu gün daha bir tarixi addım gerçəkləşir. Dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi təhlükəsizlik qüvvələrinə təhvil verilir”.
KIZILELMA ilk uçuşunu 2022-ci il dekabrın 14-də həyata keçirib. Bayraktar platformanın hazırlanması prosesində əldə olunan mühüm nəticələrə də toxunaraq ilk uçuşun həmin tarixdə baş tutduğunu xatırladıb.
İlk uçuşdan əvvəl, avqustun 30-da TEKNOFEST Samsun tədbirində ictimaiyyətə təqdim edilən KIZILELMA-nın xalqın duaları ilə səmaya yüksəldiyini bildirən Bayraktar, ötən müddət ərzində bir çox mühüm mərhələnin geridə qaldığını qeyd edib.
O, “hava-yer” sursatlarının inteqrasiyasından radar sistemlərinə və infraqırmızı görüntüləmə imkanlarına qədər bir çox mərhələnin uğurla tamamlandığını, KIZILELMA-nın hazırda döyüş tapşırıqlarını yerinə yetirməyə hazır vəziyyətə gətirildiyini bildirib.
KIZILELMA milli radar və görmə məsafəsindən kənar raketlə dünyada ilkə imza atıb.
Platformanın hazırlanması prosesində ən mühüm uğurlardan biri milli radar və görmə məsafəsindən kənar “hava-hava” raketi ilə keçirilən sınaq olub.
ASELSAN tərəfindən hazırlanan milli radarın istifadə edildiyi sınaq zamanı KIZILELMA reaktiv mühərrikli hədəfi görmə məsafəsindən kənarda radar vasitəsilə aşkarlayaraq ona kilidlənib və radar tuşlamalı raketlə məhv edib.
Bayraktar bu uğurun Türkiyə aviasiyası üçün yeni dövrün başlanğıcı olduğunu bildirərək deyib: “Dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi öz üzərindəki milli radarımız, ASELSAN radarı vasitəsilə görmə məsafəsindən kənar radar tuşlamalı raketlə reaktiv mühərrikli hədəfi görmə məsafəsindən kənarda radar vasitəsilə aşkarlayıb ona kilidləndi və məhv etdi. Bu, Türkiyə xalqı adından dünya aviasiya döyüşünün qapılarını yeni bir səhifə ilə açdı”.
Bayraktar bu uğurun ASELSAN və TÜBİTAK-dakı əməkdaşları ilə birlikdə əldə olunduğunu vurğulayıb.
Səlcuq “Bayraktar” KIZILELMA-nın hazırlanmasında iştirak edən qurumlara da təşəkkür edib. O, Türkiyə Prezidentinin, Milli Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Komitəsinin, Baş Qərargahın, Quru, Dəniz və Hərbi Hava Qüvvələrinin, eləcə də ASELSAN, ROKETSAN, TÜBİTAK və digər tərəfdaş qurumların dəstəyini xüsusi qeyd edib.
Bayraktar təxminən 20 ildir birlikdə çalışdığı “Baykar” komandasına və onların ailələrinə də təşəkkür edərək layihənin bütün mərhələlərində dəstək göstərən Türkiyə xalqına minnətdarlığını bildirib.
Çıxışı zamanı “Baykar” şirkətinin mərhum təsisçisi Özdemir Bayraktarı da xatırladan Səlcuq Bayraktar atasının KIZILELMA-nın əldə etdiyi nəticələri görsəydi, böyük sevinc yaşayacağını bildirib.
Bayraktar layihədə əməyi olan bütün əməkdaşları təbrik edərək çıxışını “Kızılelma ilə davam edin, dostlar”, - sözləri ilə başa çatdırıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
