Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində Avropa badminton yarışı start götürüb


Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində Avropa badminton yarışının açılış mərasimi keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca iştirakçı ölkələrin paradı keçirilib. Daha sonra “Ümid Məşəli” tədbirə gətirilib və alovlandırılıb.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov fiziki və əqli imkanlarından asılı olmayaraq hər kəs üçün idmana bərabər çıxış imkanlarının yaradılmasının dövlət idman siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, Prezident İlham Əliyevin idmana və inklüziv layihələrə göstərdiyi diqqət nəticəsində Azərbaycanda Xüsusi Olimpiya Hərəkatının uğurla inkişaf etdiyini vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əlilliyi olan şəxslərin idmana cəlb edilməsinin onların cəmiyyətə inteqrasiyasında və inklüzivliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edib. Nazir bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən, eləcə də Paralimpiya, Xüsusi Olimpiya və Deflimpiya komitələrinə göstərilən dəstəkdən danışıb.
Xüsusi Olimpiya Avropa və Avrasiya regionunun prezidenti və baş direktoru Sven Albrext yarışın Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini və qonaqpərvərliyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov badmintonun hər kəs üçün əlçatan idman növü olduğunu bildirib. O, ölkədə bu idman növünün inkişaf etdiyini, Xüsusi Olimpiya Hərəkatının dəstəklənməsinin federasiyanın fəaliyyətində mühüm istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev yarışın universitetin idman zalında keçirilməsini əlamətdar hadisə adlandırıb. O, belə tədbirlərin xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunmasına və onların sosial həyata inteqrasiyasına töhfə verdiyini bildirib.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov isə turnirin dostluq, həmrəylik və bərabər imkanların təntənəsi olduğunu qeyd edib. O, 1991-ci ildən fəaliyyət göstərən Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu günədək minlərlə gəncin idmana cəlb olunmasına və sosial həyata inteqrasiyasına dəstək verdiyini bildirib. Komitə sədri idmanda əsas məqsədin yalnız qələbə qazanmaq deyil, həm də şəxsi potensialı reallaşdırmaq və çətinlikləri aşmaq olduğunu vurğulayaraq turniri açıq elan edib.
Qeyd edək ki, Avropa badminton yarışı noyabrın 21-dək davam edəcək. Yarışda 18 ölkəni təmsil edən idmançılar mübarizə aparırlar. Beynəlxalq tədbirin əsas məqsədi xüsusi olimpiya hərəkatı çərçivəsində idmançılar üçün yarış imkanlarını genişləndirmək, onların idman təcrübəsini artırmaq və idmanda inklüzivliyi təşviq etməkdir.
Dərc vaxtına görə
Sesqazeti.azoxuduğunuz
Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində Avropa badminton yarışı start götürüb