Bakıda Peşə Təhsili Forumu keçirilib


Bakı, 19 noyabr, AZƏRTAC
Bakıda peşə təhsilinin 10 illik yubileyinə həsr olunmuş Peşə Təhsili Forumu təşkil edilib. Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının, təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) AZƏRTAC-a bildirilib ki, forumun əsas müzakirə istiqamətləri peşə təhsili sisteminin son on ildə keçdiyi inkişaf yolu, əmək bazarının dəyişən tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, insan kapitalının inkişafı və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi olub.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev və Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxış ediblər.
Naziri müavini Zaur Əliyev aqrar sektorun müasir texnologiyalar və innovasiyalar əsasında inkişafının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, müasir suvarma sistemlərinin, texnoloji yeniliklərin və süni intellekt əsaslı həllərin tətbiqi məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və əmək məhsuldarlığının yüksəldilməsi üçün yeni imkanlar yaradır. Bildirib ki, aqrar sahədə texnoloji transformasiya mütəxəssislərdən yeni bilik və bacarıqlara yiyələnməyi tələb edir. Bu baxımdan, kadrların peşə səriştələrinin müasir tələblərə uyğun yenilənməsi və əmək bazarının ehtiyaclarına cavab verən mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə təhsili - 10 il” mövzusunda təqdimatla çıxış edib.
Forum çərçivəsində keçirilən “Regionlarda iqtisadi sektorların inkişafına dəstək: insan kapitalının inkişafı və dövlət-özəl əməkdaşlığı” mövzusunda panel müzakirə keçirilib. Panel müzakirədə regionların iqtisadi potensialının reallaşdırılması, əmək bazarının gələcək kadr ehtiyaclarının müəyyənləşdirilməsi, biznes sektorunun insan kapitalının formalaşmasında iştirakı və peşə təhsili müəssisələri ilə real sektor arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov panel müzakirədə kənd təsərrüfatında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, bu istiqamətdə peşə təhsili müəssisələri, ali təhsil ocaqları və özəl sektorla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, peşə təhsili müəssisələrinin regionlarda keçirilən Aqrar Biznes Festivallarında fəal təmsil olunduğunu, öz məhsullarını və xidmətlərini nümayiş etdirməklə aqrar biznes subyektləri ilə əməkdaşlıq imkanlarını genişləndirdiklərini diqqətə çatdırıb.
“Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda keçirilən panel müzakirədə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev iştirak ediblər. Panel müzakirədə texnoloji və iqtisadi dəyişikliklərin əmək bazarına təsiri, gələcək peşə və bacarıq ehtiyacları, dəyişən tələblərə uyğun insan kapitalının formalaşdırılması və peşə təhsili ekosisteminin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dərc vaxtına görə