Bakı-Ankara-Tiflis xəttində MÜHÜM gəlişmə


24 18.11.2026 16:07 Hərbi xəbərlər A A
Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan yeni addımlar Cənubi Qafqazda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Noyabrın 17-də Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-leytenant Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstanın hərbi rəhbərliyi arasında mühüm müzakirələr aparılıb.
Müdafiə naziri Zakir Həsənov, eləcə də Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevlə keçirilən görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə təlimlərin təşkili və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Diqqətçəkən məqam isə bu təmasların Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli hərbi əməkdaşlığının intensivləşdiyi bir vaxta təsadüf etməsidir. Noyabrın 12-də Bakıda üç ölkənin iştirakı ilə keçirilən “Eternity-2026” birgə komanda-qərargah təlimi də bu əməkdaşlığın praktiki müstəvidə inkişaf etdiyini göstərir.
Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a deyib ki, bu görüşlər Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi əməkdaşlığın daha da sıxlaşdığı bir vaxta düşür.
“Bakıdakı “Eternity-2026” təlimi də bu tərəfdaşlığın artıq kağız üzərində deyil, real meydanda işlədiyini göstərir. Təlimin əsas məqsədi bəllidir, üç ölkəni birləşdirən böyük iqtisadi layihələrin, neft-qaz kəmərlərinin və nəqliyyat yollarının təhlükəsizliyini qorumaqdır. Çünki Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr Bakı, Tiflis və Ankaranın təhlükəsizliyini bir-birinə sıx bağlayıb. İran ətrafında gərginliyin artdığı və regionda böyük güclərin rəqabətinin qızışdığı bir dövrdə üç ölkənin hərbi sahədə birgə hərəkət etməsi həyati əhəmiyyət daşıyır. Bu proseslər göstərir ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı təkcə iqtisadi tərəfdaşlıqdan çıxaraq, regionda real təhlükəsizlik sisteminə çevrilir”, - deyə ekspert söyləyib.
Onun fikrincə, Gürcüstanın Rusiya ilə gərginlikdən yayınmaq istəyi və Qərblə münasibətlərindəki həssaslıq bu birliyin rəsmi hərbi ittifaq kimi elan edilməsini ləngitsə də, kəşfiyyat mübadiləsi və birgə təlimlər sahəsində əməkdaşlıq getdikcə dərinləşir: “Belə bir vaxtda Ermənistanın bu proseslərdən və böyük layihələrdən kənarda qalması regionda qüvvələr nisbətini İrəvanın əleyhinə dəyişir. Azərbaycan və Türkiyənin Gürcüstanla əlaqələri gücləndirməsi Ermənistanın dünyaya çıxış üçün yeganə şimal yolu olan Gürcüstan marşrutunun da faktiki olaraq Bakı və Ankaranın təsir dairəsindəki layihələrdən asılı vəziyyətə düşməsi deməkdir. Eyni zamanda, Cənubi Qafqazın üç ölkəsindən ikisinin regionun ən güclü ordusuna malik Türkiyə ilə birgə hərəkət etməsi Ermənistanı təhlükəsizlik baxımından təklənmiş vəziyyətdə qoyur. İrəvan ya Azərbaycan və Türkiyə ilə sülh imzalayaraq bu ortaq layihələrə qoşulmalı, ya da regionun inkişafından kənarda, təcrid olunmuş vəziyyətdə qalmalıdır”.
Cavanşir AbbaslıMusavat.com