Badamdarda torpaq sürüşməsi aktivləşib, sakinlər icarə evlərə köçürülür


müəllif EditorNoyabr 20, 2026Noyabr 20, 202602
Bakının Səbail rayonunda, Badamdar ərazisində torpaq sürüşməsi prosesinin sürətlənməsi səbəbindən bəzi binalarda yaşayanlar təhlükəli bölgədən çıxarılaraq müvəqqəti icarə mənzillərə yerləşdirilib.
Badamdarda torpaq sürüşməsi ilə bağlı aparılan son yoxlamalar prosesin genişləndiyini təsdiqləyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki qurumun mütəxəssisləri Badamdarın 20 nömrəli sahəsində apardıqları ölçmələrdə əvvəllər qeydə alınan çatların get-gedə böyüdüyünü, sürüşmə hərəkətinin isə intensivləşdiyini müəyyənləşdiriblər.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, ekologiya qurumunun nümayəndələri ilə birgə Badamdar şossesi boyunca uzanan risk zonasında yenidən vizual baxış keçirilib. Bu baxış da ərazidəki prosesin hələ də aktiv fazada olduğunu bir daha ortaya qoyub.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi yanında fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi aidiyyəti dövlət qurumlarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürüşmənin sürətlə genişlənmə riski nəzərə alınaraq, insanların təhlükəli zonadan köçürülməsi və yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması üçün tədbirlərin görülməsi xahiş olunub.