"Azərişıq" beynəlxalq forumda təqdimat keçirdi


17–18 noyabr 2026-cı il tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində Beynəlxalq Enerji Agentliyinin (IEA) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi EU4Energy proqramı çərçivəsində “EU4Energy Policy Forum: Accelerating Electrification” (“Elektrikləşmənin sürətləndirilməsi”) adlı beynəlxalq enerji siyasəti forumu keçirilib.
Axar.az xəbər verir ki, müxtəlif ölkələrin dövlət qurumlarının, enerji şirkətlərinin, beynəlxalq təşkilatların və ekspert dairələrinin nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan da təmsil olunub. Tədbirə ölkəmizdən ekspertlər və müvafiq qurumların əməkdaşlarından ibarət nümayəndə heyəti qatılıb. Azərbaycanı təmsil edən ekspert heyətinin tərkibində “Azərişıq” ASC-nin nümayəndəsi Araz Məmmədzadə də yer alıb.
Forumun əsas məqsədi elektrikləşmə prosesinin sürətləndirilməsi, elektroenergetika infrastrukturunun modernləşdirilməsi, bərpa olunan enerji mənbələrinin enerji sistemlərinə inteqrasiyası, rəqəmsal texnologiyaların tətbiqi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq təcrübə mübadiləsinin aparılması olub.
Tədbir çərçivəsində Araz Məmmədzadə tərəfindən “Electrification in Azerbaijan” (“Azərbaycanda elektrikləşmə”) mövzusunda təqdimat keçirilib. Təqdimatda ölkəmizin elektroenergetika sektorunda son illər həyata keçirilən struktur və texnoloji islahatlar, elektrik şəbəkələrinin yenidən qurulması və modernləşdirilməsi, rəqəmsal idarəetmə sistemlərinin inkişafı, habelə görülən tədbirlərin müsbət nəticələri diqqətə çatdırılıb.
Xüsusilə, elektrik enerjisinə əlçatanlığın təmin edilməsi, paylayıcı şəbəkələrdə texniki və itkilərinin azaldılması, təchizatın etibarlılığının artırılması, müasir yarımstansiyaların və intellektual uçot sistemlərinin tətbiqi, SCADA və digər rəqəmsal idarəetmə vasitələrinin genişləndirilməsi istiqamətində əldə olunan nəticələr vurğulanıb.
Təqdimatda qeyd olunub ki, Azərbaycanda elektrik enerjisinə çıxış səviyyəsi 100 faizə çatıb, paylayıcı şəbəkələrdə elektrik enerjisi itkiləri isə 2015-ci ildəki 13,6 faizdən 2026-cı ilin birinci yarısında 8,4 faizə qədər azalıb. Bu göstəricilər elektroenergetika sektorunda həyata keçirilən modernləşmə və səmərəliliyin artırılması tədbirlərinin mühüm nəticələri kimi təqdim edilib.
Elektrik nəqliyyatının inkişafı və elektromobillik infrastrukturu da müzakirələrin əsas istiqamətlərindən biri olub. Elektrikli nəqliyyat vasitələrinin və avtobus parklarının genişləndirilməsi, enerji doldurma infrastrukturunun yaradılması, yeni elektrik yüklərinin paylayıcı şəbəkələrə təsiri, şəbəkə güclərinin düzgün planlaşdırılması və ağıllı enerji doldurma texnologiyalarının tətbiqi məsələlərinə xüsusi diqqət ayrılıb.
Bununla yanaşı, süni intellekt və proqnozlaşdırma alətlərinin elektroenergetika sistemində tətbiqi perspektivləri təqdim edilib. Elektrik enerjisinə tələbatın proqnozlaşdırılması, bərpa olunan enerji istehsalının qiymətləndirilməsi, şəbəkə avadanlıqlarının texniki vəziyyətinin monitorinqi, yüklənmələrin optimallaşdırılması və operativ qərarvermə proseslərinin təkmilləşdirilməsi üçün müasir analitik və süni intellekt əsaslı həllərin əhəmiyyəti vurğulanıb.
Müzakirələrdə, həmçinin, COP31 iqlim gündəliyi çərçivəsində elektrikləşmənin sürətləndirilməsi, təmiz enerji texnologiyalarının təşviqi və karbon emissiyalarının azaldılması istiqamətində beynəlxalq təşəbbüslərin əhəmiyyəti qeyd olunub. Azərbaycanın yaşıl enerji keçidi, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və regional enerji bağlantılarının inkişafı sahəsində prioritetləri diqqətə çatdırılıb.
Təqdimatdan sonra Moldova, Ukrayna, Gürcüstan, Ermənistan, Almaniya, Belçika, Fransa, İtaliya və digər ölkələri təmsil edən iştirakçılar, eləcə də beynəlxalq ekspertlərlə interaktiv müzakirələr aparılıb, onların Azərbaycan elektroenergetika sektorunda həyata keçirilən islahatlarla, elektrik şəbəkələrinin inkişafı və gələcək elektrikləşmə perspektivləri ilə bağlı sualları cavablandırılıb.
Qarşılıqlı fikir mübadiləsi zamanı şəbəkələrin modernləşdirilməsi, bərpa olunan enerji mənbələrinin inteqrasiyası, elektromobilliyin inkişafı, rəqəmsallaşma və qabaqcıl texnologiyaların tətbiqi üzrə müxtəlif ölkələrin təcrübələri müzakirə edilib.
Beynəlxalq Enerji Agentliyi tərəfindən EU4Energy proqramı çərçivəsində mütəmadi təşkil edilən bu cür forumlar regional enerji əməkdaşlığının gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və elektrikləşmə siyasətinin təkmilləşdirilməsi baxımından mühüm platforma hesab olunur.
Azərbaycanın elektroenergetika sektorunda həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi və enerji infrastrukturunun inkişafı istiqamətində əldə edilən nailiyyətlər beynəlxalq ekspert və nümayəndə heyətlərinin marağına səbəb olub.
Bu kimi beynəlxalq tədbirlərdə iştirak ölkəmizin enerji sektorunda qazandığı təcrübənin beynəlxalq səviyyədə təqdim olunmasına, peşəkar əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və Azərbaycanın regional enerji transformasiyası proseslərində mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
Tarix
2026.11.19 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər
İlham Əliyev Vyetnama getdi
Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...
Ağdam erməni vandalizminin şahididir...
İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır
Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır- Əliyev
İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi
Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan
İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!
Simonyan Azərbaycana gəlir
Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!