Azərbaycanın Rusiyadan taxta idxalı 26% azalıb


Azərbaycanın Rusiyadan mişarlanmış taxta idxalı 2026-cı ilin ilk 9 ayında əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, bir sıra ağac materiallarının orta idxal dəyərində artım qeydə alınıb.
Banker.az xəbər verir ki, hesabat dövründə Rusiyadan 113,7 min kubmetr və ya 25,91 milyon dollarlıq mişarlanmış taxta gətirilib.
Ötən ilin eyni dövründə idxal 154,1 min kubmetr və ya 33,98 milyon dollar təşkil etmişdi. Beləliklə, idxalın fiziki həcmi 26,2%, dəyəri isə 23,8% azalıb.
Bu kateqoriyadan olan taxtanın bir kubmetrinin orta idxal dəyəri 220,5 dollardan 227,9 dollara yüksəlib. Bu, illik müqayisədə 3,4% artım deməkdir.
Ayrı-ayrı məhsullar üzrə şam ağacından mişarlanmış taxtanın orta idxal dəyəri 3,5% artaraq kubmetrə 229,3 dollara, ağ şam və küknar materiallarının isə 3% artaraq 226,2 dollara çatıb.
Tikinti və mebel istehsalında istifadə edilən digər ağac materiallarında daha yüksək artım qeydə alınıb. Ağacyonqarlı plitələrin bir kubmetrinin orta idxal dəyəri 213,4 dollardan 226,6 dollara, fanerin isə 365,6 dollardan 462,7 dollara yüksəlib.
MDF plitələrdə də artım müşahidə olunub. Qalınlığı 5–9 millimetr olan MDF-in bir kvadratmetrinin orta idxal dəyəri 11% artaraq 4,30 dollara, 9 millimetrdən qalın MDF-in isə 21,8% artaraq 6,49 dollara çatıb.
Ümumilikdə, Rusiyadan ağac, oduncaq və ağac məmulatlarının idxal dəyəri 113,01 milyon dollardan 110,02 milyon dollara enib.