Əmanətlər vergiyə cəlb olunacaq: Bu, banklara marağı azaldacaq? - RƏY


Yeni qaydalara əsasən banklarda depoziti olanlar gəlirin 200 manatdan artıq hissəsi üçün gəlir vergisi ödəməli olacaqlar. Bu isə müştərilər üçün əlavə xərcə səbəb olacaq. Əgər əvvəllər insanlar daha az vergi reallığında pullarını bankda saxlamağa və bundan gəlir götürməyə maraqlı idilərsə, yeni qayda indi onlar tərəfindən əlavə xərc kimi anlaşılacaq.
Bəs bu, banklara əmanətlərin yatırılmasına və pulların kütləvi şəkildə nağd formada evdə saxlanılmasına, bir sözlə dövriyyədən çıxmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib ki, Azərbaycanda əmanətlərə görə aylıq faiz gəlirlərinin 200 manatdan artıq hissəsi indi də 10% dərəcə ilə vergiyə cəlb olunur:
"Sadəcə 2023-cü ildə Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2024-2026-cı illərdə, yəni 3 il müddətində banka azı 18 ay müddətinə əmanət yerləşdirənlər vergidən azad idi. Bu ilin sonunda həmin güzəştin müddəti bitir. Yəni, gələn ildən (güzəştin müddəti uzadılmasa) əmanətin müddətindən asılı olmayaraq aylıq faiz gəlirlərinin 200 manatdan artıq hissəsindən vergi tutulacaq. Bu, banka əmanət qoyuluşuna marağı müəyyən qədər azalda bilər, amma bankların əmanət portfelində kəskin azalma baş verməsi təkcə bundan asılı deyil. Məsələ ondadır ki, son illər banklardakı yüksək likvidlik hesabına əmanətlərin illik faiz dərəcələri azalmaqdadır. Əgər 2 il bundan əvvəl banka əmanəti illik 11,5-12%-lə yerləşdirmək mümkün idisə, hazırda illik gəlirlilik 9,5-10% civarındadır".
Ekspert qeyd edib ki, faizlər bir az da düşsə, artıq bankda əmanət saxlamaq cəlbedici olmayacaq:
"İnsanlar alternativ investisiya alətləri – qiymətli kağızlar və daşınmaz əmlak barədə düşünəcəklər. İndiki halda əmanətlərə görə vergi ödəməmək üçün isə insanlar bir bankda aylıq faiz gəlirlərinin 200 manatı keçməməsinə çalışmalıdırlar. Məsələn, bu gün hansısa bankda ilik faiz dərəcəsi 10%-dirsə, əmanətin məbləği 24 min manatı keçməməlidir. Yəni, illik gəlir 2 400 manat, aylıq gəlir isə 200 manat olmalıdır ki, vergi ödənilməsin. Əgər kiminsə əlində pulu çoxdursa, hər banka 24 min manat qoymaqla özünü vergidən azad edə bilər".