Azərbaycanın alüminium sənayesi sürət yığır – İxrac şirkətlərinin gəlirləri kəskin artır


Azərbaycan 2026-cı ilin yanvar–sentyabr aylarında alüminium və ondan hazırlanan məmulatların ixracından 219,61 milyon ABŞ dolları gəlir əldə edib. Ölkədə alüminium məmulatlarının istehsal həcmi də əhəmiyyətli dərəcədə artıb.
Banker.az xəbər verir ki, ötən ilin eyni dövründə alüminium ixracının dəyəri 155,79 milyon dollar təşkil etmişdi. Beləliklə, ixrac illik müqayisədə 41% və ya 63,82 milyon dollar artıb.
İxracın fiziki həcmi isə 13% artaraq 55,22 min tondan 62,20 min tona yüksəlib. Bir ton alüminium və ondan hazırlanan məmulatın orta ixrac dəyəri 2 821 dollardan 3 530 dollara çatıb. Bu, təxminən 25,1% artım deməkdir.
Azərbaycan mənşəli məhsullar üzrə ayrıca statistikaya əsasən, doqquz ayda 60,8 min tondan çox və ya 213,2 milyon dollarlıq alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib. Bu göstərici dəyər ifadəsində 38,5%, fiziki həcm üzrə isə 11,2% artıb.
İSTEHSALI DA ARTIR
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 55,87 min ton alüminium məmulatları istehsal edilib. Ötən ilin müvafiq dövründə istehsal 36,94 min ton olmuşdu. Beləliklə, istehsal həcmi 51,2% artıb.
Xüsusilə emal olunmuş məhsulların istehsalında artım nəzərə çarpır. Qalınlığı 0,20 millimetrdən çox olan alüminium ərintilərindən plitə, təbəqə, zolaq və lentlərin istehsalı 29,85 min tondan 45,80 min tona yüksəlib. Bu, 53,4% artım deməkdir.
Eyni zamanda, emal edilməmiş alüminium ərintilərinin istehsalı 24,78 min tondan 14,52 min tona enib.
Dünya bazarında alüminiumun qiyməti yüksək olaraq qalır. London Metal Birjasının (LME) məlumatına əsasən, noyabrın 18-də alüminiumun bir tonunun nağd çatdırılma qiyməti 3 095 dollar, üçaylıq müqavilələr üzrə isə 2 865 dollar təşkil edib. Niderlandın “ING” bankı noyabr proqnozunda alüminiumun 2026-cı ildə orta qiymətinin 3 255 dollar, 2027-ci ildə isə 2 888 dollar olacağını gözləyir. “JPMorgan” isə Yaxın Şərqdə istehsal fasilələri və Çində istehsal gücü məhdudiyyətləri səbəbindən qiymətlərin yüksək qalması riskini vurğulayıb. “Reuters”in 16 noyabr tarixli təhlilində də qlobal ehtiyatların azalmasının qısamüddətli bahalaşma təzyiqi yaratdığı, lakin İndoneziyada yeni istehsal güclərinin istifadəyə verilməsinin gələn il təklifi artıra biləcəyi qeyd olunur. Qeyd edək ki, Azərbaycan isə 2026-cı ilin ilk doqquz ayında alüminium və ondan hazırlanan məmulatların bir tonunu orta hesabla 3 530 dollara ixrac edib. Bu, ötən ilin eyni dövründəki 2 821 dollardan 25,1% yüksəkdir.
“Azəralüminium”un ixracı 147 milyon dolları ötüb
“Azəralüminium” MMC 2026-cı ilin ilk doqquz ayında 147,3 milyon dollarlıq məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,1 milyon dollar və ya 59,8% çoxdur.
Şirkətin əsas istehsalat sahəsi Gəncə Alüminium Kompleksidir. Kompleksə Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, eləcə də Təzyiqlə Emal və Boyama Zavodu daxildir.
Kompleksin illik ilkin alüminium istehsal gücü 54 min tondur. Burada alüminium külçələr, rulonlar, lövhələr, zolaqlar və digər yarımfabrikat məhsullar istehsal edilir.
Əlavə olaraq, ölkədə alüminium emalı ilə məşğul olan digər müəssisələr də fəaliyyət göstərir. Sumqayıtda yerləşən “STP Aluminium” zavodu alüminium pəstahlar, müxtəlif profillər, qapı və pəncərə sistemləri istehsal edir.
Bakıda fəaliyyət göstərən “Alumeks” MMC isə alüminium profillərin istehsalı və boyanması üzrə ixtisaslaşıb. Şirkətin açıqladığı məlumata görə, müəssisənin aylıq istehsal gücü 500 tondur.
İXRACININ İKİ HƏDƏF
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib.
Proqram çərçivəsində “Azəralüminium”un istehsal gücünün artırılması və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun dövlət proqramına həsr olunmuş müşavirədə açıqladığı hədəflərə əsasən, “Azəralüminium”un illik ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata çatdırılması planlaşdırılır. Bu, ixracın təxminən iki dəfə artırılması deməkdir.
Proqramda Gəncə şəhərində elektroliz zavodunun illik istehsal gücünün 50 min tondan 100 min tona, alüminium yayma məhsullarının istehsal gücünün isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur.
Bundan əlavə, yeni kalsinasiya və anodbişirmə zavodunun yaradılması, Zəylik alunit yataqlarından alüminium xammalının əldə edilməsi imkanlarının qiymətləndirilməsi planlaşdırılır. İllik təxminən 200 min ton istehsal gücünə malik daha bir ilkin alüminium müəssisəsinin yaradılması imkanları da araşdırılacaq.
Metallurgiya sektorunun ixracı üçün 3,4 milyard manatlıq hədəf
Dövlət Proqramına əsasən, 2030-cu ilədək Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması hədəflənir. Bu, 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanmış proqnoza görə, 2,6 dəfə artım deməkdir.
Eyni zamanda, sektorun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata yüksəldilməsi nəzərdə tutulur.
Bu məqsədlə 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiya planlaşdırılır. Vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi, 2,2 milyard manatı dövlət müəssisələrinin, 2 milyard manatı isə özəl sektorun vəsaiti və borc kapitalı hesabına formalaşmalıdır.
Prezident İlham Əliyev sentyabrın 22-də keçirilmiş müşavirədə proqramın icrasından gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox olmalı olduğunu bildirib.
1 mənbə