Azərbaycanda süni intellektin inkişafı üçün nə çatışmır?


Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə hələ təmsil olunmuruq.Hazırda həm dövlət qurumlarında, həm də özəl sektorda süni intellekt həllərinin tətbiqinin genişləndiyini görürük. Elektron xidmətlərdə, bank sektorunda, kibertəhlükəsizlik sahəsində, müştəri xidmətlərində və bir sıra dövlət layihələrində süni intellektdən istifadə olunur. Əlbəttə, bu, sevindirici haldır. Lakin texnologiyadan istifadə etməklə onu yaratmaq arasında ciddi fərq var.Məncə, Azərbaycanda əsas prioritet artıq hazır süni intellekt platformalarından istifadəni artırmaq deyil, yerli mütəxəssislərin yetişdirilməsinə və milli texnologiyaların inkişafına investisiya qoymaq olmalıdır. Çünki gələcəkdə rəqabət yalnız süni intellekt texnologiyalarından istifadə edən ölkələr arasında deyil, onları istehsal edən və qlobal bazara təqdim edən ölkələr arasında gedəcək.Bunun üçün isə təkcə proqramçıların olması kifayət deyil. Süni intellektin inkişafı böyük həcmdə keyfiyyətli məlumat bazalarını, güclü server infrastrukturunu, yüksək məhsuldarlıqlı hesablama sistemlərini və elmi əməkdaşlığı tələb edir. Əgər bu ekosistem formalaşdırılmasa, ən peşəkar proqramçılarımız belə xarici texnoloji platformalardan asılı vəziyyətdə qalacaqlar.Digər mühüm məsələ isə Azərbaycan dilidir. Dünyada mövcud olan böyük süni intellekt modellərinin əksəriyyəti ingilis dili üçün optimallaşdırılıb. Bu baxımdan, Azərbaycan dilində yüksək keyfiyyətli süni intellekt sistemlərinin yaradılması, yerli məlumat bazalarının formalaşdırılması və milli texnoloji həllərin hazırlanması gələcək inkişafın əsas istiqamətlərindən biri olmalıdır.
Elvin Həsənov-İKT üzrə mütəxəssis
© Trendx.az — materiallardan istifadə edərkən aktiv istinad mütləqdir.
