Azərbaycanda süni intellektin inkişafı üçün güclü siyasi iradə var - Deputat


“Süni intellekt artıq gələcəyin deyil, bugünkü inkişafın əsas hərəkətverici qüvvəsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, süni intellektin idarə edilməsi üzrə mütəxəssis Kamal Cəfərov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, Prezident İlham Əliyev prezident və parlament seçkilərindən sonra Milli Məclisdəki çıxışında rəqəmsal inkişafın dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb və hökumət üzvlərinə bu istiqamətdə fəal iştirak etməyi tapşırıb.
Deputatın sözlərinə görə, 2019-cu ildə Prezidentin sərəncamı ilə Süni İntellekt üzrə Milli Strategiyanın qəbul edilməsi, 2026-cı ildə isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının sədri təyin olunması dövlətin bu sahəyə güclü siyasi iradəsini nümayiş etdirir.
K.Cəfərov qeyd edib ki, Azərbaycanın rəqəmsal inkişaf, o cümlədən süni intellekt sahəsində zəruri təməli, resursları, təcrübəsi və vahid baxışı mövcuddur.
O, Rəqəmsal İnkişaf Şurasının sonuncu iclasında Birinci vitse-prezident Mehriban Əliyevanın süni intellektin artıq gələcəyin deyil, bugünkü inkişafın əsas hərəkətverici qüvvəsi olduğunu vurğuladığını xatırladıb.
Deputat əlavə edib ki, süni intellekt yeni imkanlarla yanaşı, yeni təhdidlər də yaradır. Xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı meydana çıxan çağırışlara hazır olmaq vacibdir.
K.Cəfərov konfransın da məhz bu baxışın nəticəsi olduğunu bildirərək tədbirin əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
Zeynəb Rzayeva
1 mənbə