Azərbaycanda qış turizmi hansı vəziyyətdədir? - AÇIQLAMA


Azərbaycanda qış turizmi üçün ciddi potensial var. Ümumiyyətlə, dörd fəsil yaşayan ölkəmizin müxtəlif əraziləri və həmin ərazilərdəki potensial imkan verir ki, ilin bütün fəsillərində turizm aktiv olsun.
Bəs bu il qış turizmi istiqamətində gözləntilər nələrdir?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında turizm eksperti, Skal Baku Turizm Peşəkarları təşkilatının sədri Ceyhun Aşurov bildirib ki, Azərbaycan əslində dörd fəsli də yaşayan, 9 iqlim tipi olan bir coğrafi ərazidə yerləşir:
"Əslində bu onun rekreasiya resurslarının zənginliyindən xəbər verir. Təbii ki, bu da həmçinin o deməkdir ki, burada turizm potensialı çox güclüdür və gələcəkdə turizmin müxtəlif növlərini, çeşidlərini daha da inkişaf etdirmək olar.
İnkişaf etmiş ölkələrdə əsas hədəf məhz ilin bütün dövrlərində turistlərin gəlməsini təmin etməkdir. Bununla əlaqədar da müxtəlif turizm məhsulları yaradırlar ki, gələn turistlərə maraqlı proqramlar təklif edə bilsinlər".
Ekspert qeyd edib ki, ümumiyyətlə dünyada turistlərin çoxu yay fəslində səyahətlər edirlər:
"Bunun bir sıra səbəbləri vardır. Təbii ki, ən əsas səbəbləri odur ki, yay fəslində ailəlikcə səyahətlər daha rahatdır, çünki insanların istirahət vaxtı və universitet və məktəblərin tətili zamanı ailələr rahatlıqla tətilə çıxa bilirlər. Amma ilin digər fəsillərində də, xüsusən qış fəslində fərqli turizm məhsulları yaratmaqla turistləri cəlb etməyə çalışırlar.
Azərbaycanda qış turizmi ilə bağlı danışanda ilk ağla gələn Şahdağ, Tufandağ yay-qış turizm kompleksləridir ki, müasir tələblərə cavab verən təsisatlardır. Və xüsusən də Şahdağda investisiya daha çox dövlət tərəfindən qoyulmuşdur və müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edəcək səviyyədə infrastruktur yaradılmışdır. Amma qış turizmi deyəndə sadəcə qar və yaxud da xizəklə sürüşmək nəzərdə tutulmamalıdır".
Həmsöhbətimizin fikrincə, ilin dörd fəslini yaşayan Azərbaycan üçün, belə bir coğrafi məkan üçün ümumiyyətlə qışda qar, təbiət və sair görməyin özü də bir sıra isti ölkələrdən gələn turistlər üçün maraq kəsb edir:
"Təxminən bir ay sonra artıq qış fəslinə daxil oluruq. Turizm müəssisələri, şirkətləri öz hazırlıqlarını görürlər. Son dövrlər gələn turistlərin sayında müəyyən qədər yavaşıma müşahidə olunsa da, regionlarda daxili turizmin dinamikası aktiv olmaqda davam edir.
Adətən bayram günlərində və tətili günlərində biz tələbatın daha yüksək olduğunu görürük. Amma qiymətlərin bu il də keçən ildəkindən çox da fərqlənməyəcəyi gözlənilir.
Əsas gözləntilər ondan ibarətdir ki, hər il dövriyyəyə, turizm bazarına yeni qalma yerləri təqdim olunur, yeni yerlər açılır. Xüsusən də regionlarda yeni evlər, aframe evləri, villalar tikilir və turistlərin istifadəsinə təqdim olunur. Əslində bu, müsbət hal kimi qiymətləndirilə bilər. Xüsusən də təbiətdə vaxt keçirmək istəyənlər üçün, təbiəti seyr etmək istəyənlər üçün, qarlı qışı yaşamaq istəyənlər üçün əlavə fürsətlər yaradır".
