“Azərbaycanda özümüzü evimizdə, öz torpağımızda hiss edirik” – Mahmud Xəlil Cəfər


“İraq türkmanları ana dilini qorumaqda çətinlik çəkir”.
Bizim.Media xəbər verir ki, bunu Bağdad Universitetinin professoru, səfir Mahmud Xəlil Cəfər AMEA-da keçirilən “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.
O, “İraq türkmanlarının dil problemləri: İraq orta təhsil müəssisələrində türkman dilinin tədrisi vəziyyəti” mövzusunda məruzəsində qeyd edib ki, İraq türkmanları kürdlər və ərəblər arasında məskunlaşdıqları üçün ana dillərini qoruyub saxlamaqda çətinlik çəkirlər.
Professorun sözlərinə görə, ölkədə dərslər ərəb dilində keçirilir. Son 10-15 ildə türkman məktəbləri açılıb və həmin məktəblərdə türk əlifbasından istifadə olunur. Ana dilinin qorunması məqsədilə tədris materialları, dərsliklər və qrammatika kitabları da hazırlanıb.
Mahmud Xəlil Cəfər bildirib ki, türkman dilinin söz ehtiyatının 98 faizi Azərbaycan dili ilə eynidir, qalan 2 faizini isə ərəb mənşəli sözlər təşkil edir.
“Dilini itirən millət tarixini itirir. Biz istəyirik ki, uşaqlarımız dilimizi qoruyub saxlasınlar. Azərbaycana gələndə elə bilirik öz evimizdə, öz torpağımızdayıq”, – deyə professor vurğulayıb.
Fəridə, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
1 mənbə
