Azərbaycanda inklüziv təhsil üçün bacarıqların artırılması - FOTOLAR


bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOIL”, “SGC”, “NICO”, “MOL”, “INPEX”, “ExxonMobil”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından Azərbaycanda inklüziv təhsilə dəstək məqsədli bir sosial sərmayə layihəsinin uğurla başa çatdığını məmnuniyyətlə elan edir.
Layihə çərçivəsində Azərbaycan İdman Akademiyasının Adaptiv bədən tərbiyəsi, İdman tibbi və reabilitasiya, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Kütləvi-sağlamlaşdırıcı idman və Məşqçilik ixtisasları üzrə təhsil alan 165 tələbənin inklüziv tədris bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstərilib.
Layihə iştirakçıları əlilliyi olan və olmayan şəxslər arasında ünsiyyəti, bədii özünüifadəni, özünəinamı və əməkdaşlığı təşviq edən, beynəlxalq səviyyədə tanınmış inklüziv hərəkət praktikası olan DanceAbility® metodu üzrə 30 saatlıq təlim, təlimçi nəzarəti altında məşğələlər və praktiki çalışmalar keçiblər. Tələbələr hərəkət vasitəsilə ünsiyyət, verbal və qeyri-verbal əlaqə, bədən fərqindəliyi, qrup şəklində əməkdaşlıq və inklüziv fəaliyyətlərin təşkili və idarə olunması üzrə bacarıqlar əldə ediblər.
Layihə çərçivəsində həmçinin əlilliyi olan və olmayan şəxslərin iştirakı ilə keçirilən təlim-seminarlar, çıxışlar və əlçatanlığın təmin edilməsinə yönəlmiş təşəbbüslər təşkil edilməklə tələbələr üçün əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etmək imkanı yaradılıb.
Təlim proqramını uğurla başa vurmuş bütün iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib. Gözlənilir ki, layihə sayəsində gələcək mütəxəssislər təhsil, reabilitasiya, istirahət və asudə vaxtın təşkili sahələrində müxtəlif qabiliyyət və ehtiyacları olan şəxslər, o cümlədən əlilliyi və neyromüxtəlifliyi olan uşaqlar üçün daha inklüziv və əlçatan təlim mühiti yarada biləcək.
Bu gün layihənin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edən bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Bu layihə Azərbaycanda inklüziv təhsilin dəstəklənməsi və cəmiyyətdə inklüzivliyin artırılması istiqamətində bundan əvvəl həyata keçirdiyimiz səylərin davamıdır.
İnklüziv təhsil sadəcə təhsilin hamı üçün əlçatan olmasını təmin etməyi nəzərdə tutmur və daha geniş məna daşıyır. Bu, hər bir uşağın və yeniyetmənin özünü dəyərli hiss etdiyi, mehribanlıqla qarşılandığı və ona hörmətlə yanaşıldığı bir mühit yaratmaq deməkdir.
Ümid edirik ki, gələcək müəllimlərə və digər mütəxəssislərə inklüziv tədris üzrə praktiki bacarıqlar qazandırmaqla bu layihə erkən yaşlardan etibarən belə bir mədəniyyətin formalaşmasına kömək edəcək və zaman keçdikcə hər kəsin iştirak etmək və öz potensialını reallaşdırmaq imkanına malik olduğu daha inklüziv cəmiyyətin inkişafına töhfə verəcək.”
14 ay davam edən bu layihənin ümumi dəyəri 91550 AZN (53853 ABŞ dolları) təşkil edir.
Layihə “DanceAbility Azerbaijan” şirkəti tərəfindən icra olunub.
1 mənbə
