Azərbaycanda idmanla məşğul olmaq niyə bahadır?


XƏBƏRLƏR SON DƏQİQƏ
19 noyabr 2026 13:40 40 baxış
Azərbaycanda idman zallarının xidmət haqlarının yüksək olması sağlam həyat tərzinin geniş yayılmasına mane olan amillərdən biri kimi qiymətləndirilir. Bir çox vətəndaş üçün mütəmadi olaraq idman zalına getmək əlavə maliyyə yükü yaradır. Avropa ölkələrinin bir qismində bələdiyyələr tərəfindən əhaliyə ödənişsiz idman imkanları yaradıldığı halda, Azərbaycanda bu sahədə əsasən özəl sektor fəaliyyət göstərir. Bəs idmanın hər kəs üçün əlçatan olması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Ekologiya.az-a açıqlamasında bildirib ki, sağlam həyat tərzinin təşviqi üçün dövlət tərəfindən alternativ idman məkanlarının yaradılması vacibdir:
"Avropanın bir sıra ölkələrində bələdiyyələrə məxsus idman zalları və məşq sahələri əhaliyə pulsuz xidmət göstərir. Bu məkanların saxlanılması bələdiyyələrin vəsaiti hesabına təmin olunur. Məqsəd insanların sağlamlığını qorumaq və idmanla məşğul olmağı hər kəs üçün əlçatan etməkdir.
Azərbaycanda isə bələdiyyələrin fəaliyyət imkanları məhdud olduğundan bu istiqamətdə ciddi boşluq yaranıb. Nəticədə idman xidmətlərinin göstərilməsi əsasən özəl müəssisələrin üzərinə düşür. Özəl sektor kommersiya prinsipləri ilə işlədiyi üçün xidmətlərin qiymətini də özü müəyyənləşdirir. Dövlətin həmin qiymətlərə birbaşa müdaxiləsi isə mümkün deyil.
Bu problemin həlli üçün dövlət alternativ imkanlar yaratmalıdır. Büdcə vəsaiti hesabına pulsuz idman zallarının və açıq havada məşq sahələrinin qurulması vətəndaşların bu xidmətlərdən ödənişsiz yararlanmasına şərait yarada bilər. Eyni zamanda, belə məkanların mövcudluğu özəl idman müəssisələri arasında rəqabəti gücləndirər. Bu da öz növbəsində həmin müəssisələri müştəriləri cəlb etmək üçün qiymətləri aşağı salmağa sövq edə bilər", - deyə ekspert vurğulayıb.
Aysel Muxtar
