Altsheymer xəstəliyi bəzi insanlarda aşkar əlamət göstərməyə bilər.


Altsheymer xəstəliyi bəzi insanlarda beyində patoloji dəyişikliklər baş versə də, uzun müddət heç bir aşkar əlamət göstərməyə bilər. Bu isə xəstəliyin erkən aşkarlanmasını çətinləşdirir və müalicəyə başlamağı gecikdirə bilər.
Tiraj.az xəbər verir ki, bu barədə “The Conversation” nəşrində neyroimmunoloq, London Kraliça Meri Universitetinin tədqiqatçısı Elefteriya Kodosaki məlumat verib.
Araşdırmalara görə, həyatları boyunca demensiya əlamətləri müşahidə olunmayan yaşlı insanların təxminən üçdə birinin beynində ölümündən sonra Altsheymer xəstəliyinə xas dəyişikliklər aşkarlanır. Bu fakt beyindəki patoloji proseslərin hər zaman yaddaş və düşüncə qabiliyyətində nəzərəçarpan pozuntular yaratmadığını göstərir.
Mütəxəssis bu vəziyyətin iki mümkün mexanizmini izah edib. Birinci halda, beyində amiloid və tau zülalları toplansa da, neyronlar ciddi zədələnmir. İkinci halda isə beyin hüceyrələri məhv olur, lakin insan normal düşünmək qabiliyyətini uzun müddət qoruyur və ya koqnitiv pozuntular çox yavaş inkişaf edir.
Alimlər ikinci mexanizmi beynin zədələnmələri kompensasiya etmək və alternativ yollarla fəaliyyətini davam etdirmək qabiliyyəti – koqnitiv ehtiyatla əlaqələndirirlər. Bu ehtiyat insanın həyatı boyu formalaşır və təhsil, zehni fəaliyyət kimi amillərdən asılıdır. Yüksək koqnitiv ehtiyata malik insanlar beyində xəstəlik prosesi davam etsə belə, düşünmə qabiliyyətini daha uzun müddət saxlaya bilirlər.
Lakin bu vəziyyətin mənfi tərəfi də var. Belə insanlarda xəstəliyin simptomları yalnız beyin zədələnməsi əhəmiyyətli həddə çatdıqdan sonra üzə çıxa bilər. Bu isə erkən diaqnozu çətinləşdirir və müalicənin daha təsirli ola biləcəyi mərhələdə müdaxilə imkanlarını məhdudlaşdırır. Simptomlar ortaya çıxdıqdan sonra isə vəziyyətin daha sürətlə pisləşməsi mümkündür.
Mütəxəssis bildirib ki, yüksək koqnitiv ehtiyat dərmanların klinik sınaqlarına da təsir göstərə bilər. Belə insanlar qəbul etdikləri preparatdan və ya plasebodan asılı olmayaraq, zehni qabiliyyətlərini daha yavaş itirə bilərlər.
Arif
