Azərbaycanda hansı yad bitkilər ekoloji təhlükəyə çevrilir?-AÇIQLAMA


İnvaziv bitki növlərinin yayılması təbii ekosistemlərin tarazlığını pozan, yerli flora və biomüxtəliflik üçün ciddi təhlükə yaradan ekoloji problemlərdən biridir. Yeni ərazilərdə sürətlə çoxalan bu bitkilər yerli növləri sıxışdırmaqla yanaşı, meşələrin, dağ çəmənliklərinin və kənd təsərrüfatı sahələrinin təbii quruluşuna da təsir göstərir.
Bəs Azərbaycanda hansı invaziv bitki növləri yayılıb və onların artması gələcəkdə hansı ekoloji fəsadlara səbəb ola bilər?
Bu barədə Ekologiya.az-a açıqlama verən ekoloq Cəmşid Bəxtiyar bildirib:
"İnvaziv bitki növlərinin Azərbaycanda yayılması yerli flora, biomüxtəliflik və təbii ekosistemlər üçün ciddi təhlükə yarada bilər. Bunu qiymətləndirmək üçün ilk növbədə hansı bitkilərin invaziv hesab olunduğunu dəqiqləşdirmək vacibdir.
Belə ki, Azərbaycanda rast gəlinən hər yad bitki növü invaziv hesab edilmir. İnvaziv növlər yeni ərazilərə gətirildikdən sonra sürətlə yayılaraq ekoloji, iqtisadi və ya sosial zərər törədən bitkilərdir.
Bəzi yad bitki növləri yeni ərazilərdə təbii düşmənlərinin və yayılmalarını məhdudlaşdıran amillərin olmaması səbəbindən sürətlə çoxalır. Nəticədə yerli bitkilərlə rəqabət apararaq ekosistemlərin təbii tarazlığını dəyişdirirlər.
İnvaziv bitkilərin əsas mənfi təsirlərindən biri yerli növləri su, işıq, qida maddələri və yaşayış sahəsi uğrunda rəqabətdə sıxışdırmalarıdır. Sürətlə böyüyən və çoxalan bu bitkilər bəzi ərazilərdə sıx örtük yaradaraq digər növlərin inkişafına mane olur. Bu isə bitki müxtəlifliyinin azalmasına gətirib çıxarır.
Bundan başqa, invaziv növlər təbii yaşayış mühitlərinin quruluşunu və bitki örtüyünün tərkibini dəyişdirə bilirlər. Nəticədə həmin ərazilərdə yaşayan həşəratların, quşların və digər canlıların qida və sığınacaq imkanları məhdudlaşır. Torpağın rütubət rejimi, qida maddələrinin dövranı və təbii bərpa prosesləri də bu dəyişikliklərdən təsirlənə bilər. Bəzi yad bitkilər yerli növlərlə çarpazlaşaraq onların genetik xüsusiyyətlərinin dəyişməsinə də səbəb olur".
Onun sözlərinə görə, Azərbaycanda yayılan invaziv bitkilər arasında adi ambroziya, yüksək ayland, akasiyanın bəzi növləri, geriyə əyilmiş amarant və adi pıtraq da var:
"Azərbaycanın Böyük Qafqaz ərazisində aparılmış tədqiqatlarda 64 yad bitki növü qeydə alınıb. Onlardan 12-si invaziv növ kimi müəyyən edilib. Bu növlərə meşə, çəmən, kolluq, çöl və digər təbii ərazilərdə rastgəlinir.
Konkret növlərə gəldikdə, adi ambroziya sürətlə yayılan və güclü allergen xüsusiyyətlərə malik tozcuqları ilə seçilən bitkidir. Onun Azərbaycanda meşə və çəmən ekosistemlərinə daxil olması elmi araşdırmalarda da qeyd edilir. Bu bitkinin yayılma aktivliyinin artması və gələcəkdə daha geniş əraziləri əhatə etməsi ehtimalı narahatlıq doğurur.
Digər təhlükəli növlərdən biri Ailanthus altissima — yüksək aylanddır. Sürətlə böyüyən bu ağac toxumları və kök pöhrələri vasitəsilə yayılır, yerli ağac və kol növləri ilə rəqabətdə üstünlük əldə edə bilir.
Akasiyanın bəzi növləri də kök pöhrələri vasitəsilə yayılaraq müəyyən şəraitdə yerli bitki örtüyünün tərkibini dəyişdirir. Geriyə əyilmiş amarant çoxsaylı toxum əmələ gətirməsi ilə seçilir və həm əkin sahələrində, həm də təbii bitki birliklərində rəqabət yaradır. Adi pıtraq isə toxumlarının heyvanların tüklərinə və müxtəlif səthlərə yapışaraq yayılması ilə fərqlənir. Bu bitki əkin sahələrində və pozulmuş torpaqlarda kənd təsərrüfatı üçün əlavə problemlər yarada bilir".
Ekspert qeyd edib ki, invaziv bitkilərin yayılması meşələrdə yerli ağac və kol növlərinin təbii bərpasını zəiflədərək ekosistemin tarazlığını poza bilər:
"Bu növlərin Azərbaycanda yayılması və invaziv potensialı botanika tədqiqatlarında qeydə alınıb. Xüsusilə ambroziyanın yayılma aktivliyinin artması gələcəkdə daha geniş ərazilərin təhlükə ilə üzləşə biləcəyini göstərir.
İnvaziv bitkilər gələcəkdə Azərbaycanın meşə, dağ və kənd təsərrüfatı ekosistemləri üçün müxtəlif risklər yarada bilər.
Meşə ekosistemlərində yerli ağac və kol növlərinin təbii bərpası zəifləyə bilər. Meşələrin aşağı yarusunda yad bitkilərin sıx yayılması cavan ağacların inkişafına mane olur. Bununla yanaşı, meşəaltı bitki örtüyünün növ tərkibi dəyişir, yerli bitkilərlə əlaqəli həşəratların və digər canlıların yaşayış mühiti daralır. Nəticədə meşələrin təbii özünübərpa qabiliyyəti zəifləyir".
Ekoloq əlavə edib ki, invaziv bitkilər dağ ekosistemlərində nadir növlərin azalmasına, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə, bəzi hallarda isə insan sağlamlığında allergik problemlərin yaranmasına səbəb ola bilər:
"Dağ ekosistemləri isə bu baxımdan xüsusilə həssasdır. Çünki burada bir çox bitki növü məhdud ərazilərdə və xüsusi iqlim şəraitində yaşayır. İnvaziv növlərin dağlıq ərazilərdə yayılması nadir və endemik bitkilərin yaşayış sahələrinin azalmasına, alp və subalp çəmənliklərinin təbii tərkibinin dəyişməsinə səbəb ola bilər. Eyni zamanda dağ otlaqlarının məhsuldarlığı və yem keyfiyyəti aşağı düşə, yerli bitki birlikləri pozula, torpaq eroziyası və yamacların dayanıqlılığı ilə bağlı problemlər arta bilər.
Xüsusilə Qafqazın endemik və relikt bitkilər baxımından zəngin ərazilərində bu təhlükənin vaxtında qarşısının alınması mühüm əhəmiyyət daşıyır.
Kənd təsərrüfatında isə invaziv bitkilər əkin sahələrində su, işıq və mineral maddələr uğrunda rəqabət apararaq məhsuldarlığı aşağı sala bilirlər. Onlar alaq otlarının yayılmasını sürətləndirir, otlaqlardakı yem bitkilərinin tərkibini dəyişdirirlər. Bəzi növlər heyvanlar üçün arzuolunmaz və ya zərərli ola bilər. Belə bitkilərlə mübarizə əlavə herbisid, əmək və maliyyə xərcləri tələb edir.
İnvaziv bitkilərin təsiri yalnız təbii ekosistemlər və kənd təsərrüfatı ilə məhdudlaşmır. Məsələn, adi ambroziya kimi növlərin tozcuqları insanlarda allergik reaksiyalara səbəb ola bilər".
O həmçinin vurğulayıb ki, invaziv bitkilərlə mübarizədə erkən aşkarlama, müntəzəm monitorinq, milli reyestrin yaradılması və yerli bitki növlərinin qorunması əsas tədbirlər sırasında olmalıdır:
"Azərbaycanda invaziv bitkilərin yayılmasına bir neçə əsas amil şərait yaradır.
Bunlardan biri iqlim dəyişiklikləridir. Temperaturun və yağıntı rejiminin dəyişməsi bəzi yad bitki növlərinin əvvəllər onlar üçün əlverişsiz olan ərazilərdə də yayılmasına imkan yarada bilər.
Beynəlxalq ticarət və nəqliyyat da bu prosesə təsir edən amillərdəndir. Bitki toxumları, tinglər, kənd təsərrüfatı məhsulları, torpaq və nəqliyyat vasitələri ilə yeni növlər ölkəyə daxil ola bilər.
Digər mühüm amil torpaqların antropogen təsirlər nəticəsində pozulmasıdır. Tikinti işləri, yolların çəkilməsi, meşələrin qırılması və torpaqların becərilməsi invaziv bitkilərin məskunlaşması üçün əlverişli sahələr yaradır.
Bəzi yad növlərin yeni ərazilərdə təbii düşmənlərinin, xəstəlik və zərərvericilərinin olmaması da onların sürətlə çoxalmasına şərait yaradır. Azərbaycanın Böyük Qafqaz ərazisində aparılmış tədqiqatlarda da invaziv növlərin yayılmasına qonşu ərazilərdən miqrasiya və iqlim dəyişikliklərinin təsiri xüsusi qeyd olunur.
Bu təhlükənin qarşısını almaq üçün ilk növbədə ölkə üzrə invaziv bitki növlərinin milli reyestri yaradılmalıdır.
Belə bir reyestr Azərbaycanda hansı invaziv növlərin mövcud olduğunu, onların hansı ərazilərdə yayıldığını və problemin miqyasını müəyyənləşdirməyə imkan verər. Bununla yanaşı, xüsusilə meşə, dağ və qorunan təbiət ərazilərində müntəzəm monitorinqlər aparılmalıdır.
Yeni yayılan növlərin erkən aşkarlanması və yayılma ocaqları genişlənmədən onların aradan qaldırılması vacibdir. Bu, gələcəkdə daha böyük ekoloji fəsadların qarşısını almağa kömək edə bilər.
Xaricdən gətirilən toxumlara, tinglərə və dekorativ bitkilərə fitosanitar nəzarət gücləndirilməlidir. Meşələrin bərpası zamanı yerli bitki növlərinə üstünlük verilməli, fermerlər, meşə təsərrüfatı işçiləri və əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Həmçinin iqlim dəyişiklikləri nəzərə alınmaqla invaziv növlərin gələcək yayılma ehtimallarının modelləşdirilməsi də mühüm qabaqlayıcı tədbirlərdəndir".
"Azərbaycan Dövlət Statistika Komitəsinin 2025-ci il nəşrində də invaziv yad növlərin qarşısının alınması və onlara nəzarətlə bağlı mövcud qanunvericilik və beynəlxalq öhdəliklərə yer verilib.
Azərbaycanın bitki aləmi olduqca zəngindir. Ölkəmizdə 4500-dən artıq ali damarlı bitki taksonu, o cümlədən çoxsaylı endemik, relikt və nadir növlər mövcuddur. Bu təbii sərvətin qorunması baxımından invaziv bitkilərin yayılması ciddi ekoloji problem kimi qiymətləndirilməlidir.
Məsələnin ən mühüm tərəfi isə budur ki, invaziv bitkilərlə mübarizə yalnız artıq yayılmış növlərin məhv edilməsindən ibarət deyil. Əsas məqsəd onların yeni ərazilərə daxil olmasının və yayılmasının əvvəlcədən qarşısını almaqdır. Azərbaycan üçün xüsusilə vacib olan məsələ invaziv növlərin hansı ərazilərdə, hansı sürətlə yayıldığını və gələcəkdə hansı yerli bitki birliklərini təhlükə altına ala biləcəyini müəyyənləşdirməkdir",-deyə sonda bildirlib.
Zümrüd Abidqızı
1 mənbə