Azərbaycan və Polşa arasında hərbi təhsil sistemində həyata keçirilən islahatlar müzakirə edilib


Polşa Milli Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi briqada generalı Valdemar Qolebovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə Ölkə.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovla görüşü keçirilib. Görüşdə Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən islahatlar, tədris prosesinin təşkili, hərbi təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Səfər proqramına uyğun olaraq, polşalı qonaqlar MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də olublar. Təhsil müəssisələrində yaradılmış tədris və xidmət şəraiti ilə tanış olan nümayəndə heyətinə hərbi kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib.
Sonda nümayəndə heyətinin rəhbəri Hərbi Liseyin "Şərəf kitabı"na ürək sözlərini yazıb. Tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, səfər ölkələr arasında hərbi təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və peşəkar kadr hazırlığı istiqamətində əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Dərc vaxtına görə