Azərbaycan-Türkmənistan qardaşlıq münasibətləri uğurla inkişaf edir


Bakı, 19 noyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olunub.
Beynəlxalq forumlar və tədbirlər çərçivəsində təmasların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının tədbirinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
O, Azərbaycan-Türkmənistan münasibətlərin ortaq din, tarix və mədəniyyət üzərində qurulduğunu, dövlət başçılarının birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə hərtərəfli inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, parlamentlər də dövlət başçılarının müəyyən etdiyi siyasi xəttə dəstək verərək əməkdaşlığı davam etdirirlər.
Söhbət zamanı parlamentlərarası dostluq qruplarının qarşılıqlı fəaliyyətinin və digər formatlarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə parlamentlərarası əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Dərc vaxtına görə
