Azərbaycan toylarında görünməyən təhlükə – Qonaqlara nə verilir?


Toy məclislərində süfrələrin zənginliyi, yeməklərin çeşidi uzun illərdir Azərbaycan toylarının əsas xüsusiyyətlərindəndir. Lakin AQTA-nın açıqladığı son məlumatlar bu süfrələrlə yanaşı, qida təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Belə ki, bu ilin yanvar-noyabr aylarında Bakıda yoxlanılan 47 şadlıq sarayından 41-də qida təhlükəsizliyi sahəsində qanun pozuntuları aşkarlanıb.
Toy süfrələrində yeməklərin sayını azaltmaq, az çeşiddə, lakin keyfiyyətli və təhlükəsiz qidalara üstünlük vermək vaxtı çatmayıbmı? Xarici ölkələrdə toy menyuları necə təşkil olunur və Azərbaycan toylarında hansı dəyişikliklərə ehtiyac var?
Globalinfo.az-a danışan qida texnoloqu Ağa Salamov deyib ki, Azərbaycanda şadlıq evlərində qida təhlükəsizliyi qaydalarının pozulması ciddi problemdir:
“Ölkəmizdə qida təhlükəsizliyi yoxlamaları var, amma bu sahədə maarifləndirmə yetərli deyil. Xüsusilə şadlıq evlərində məhsulların emalından bişirilməsinə qədər olan prosesdə qida zəncirinin tələbləri pozulur. Məsələn, toyuq və ət məhsullarının marinad edildikdən və ya şişə çəkildikdən sonra otaq temperaturunda saxlanılması təhlükəlidir. Ətin soyuducudan kənarda gözlədilməsi mikrobioloji çirklənməyə və nəticədə qida zəhərlənmələrinə səbəb ola bilər. İşçilərin tibbi müayinədən keçməsi, təmiz uniforma geyinməsi, şəxsi gigiyena qaydalarına əməl etməsi də vacibdir. Əllərin, iş səthlərinin və avadanlıqların təmizliyi, dezinfeksiyası təmin olunmalıdır”.
Ekspert bildirib ki, keyfiyyətli və təhlükəsiz qidanın təqdim olunması üçün sahibkarların da müvafiq bilik və peşəkar idarəetmə bacarıqları olmalıdır:
“Beşulduzlu otellərdə HACCP sistemi, qidaların saxlanması, bişirilməsi, soyudulması, çarpaz çirklənmənin qarşısının alınması və digər məsələlərlə bağlı təlimlər keçirilir. Lakin şadlıq evlərinin əksəriyyətində bu yanaşma yoxdur. Buna görə də AQTA-nın yoxlamalarından sonra həmin müəssisələrə mütəxəssis cəlb etmək və işçilər üçün qida təhlükəsizliyi təlimləri təşkil etmək tövsiyə olunmalıdır. İşçilər bilməlidirlər ki, ətlə necə davranmaq, onu necə doğramaq lazımdır. Mətbəxdə siqaret çəkmək, əlləri ağıza apardıqdan sonra qida ilə təmasda olmaq yolverilməzdir. Ağız boşluğundakı bakteriyalar, bağırsaq çöpləri qidaya keçə bilər. Baş örtüyündən istifadə edilməməsi, tər və saçların yeməyə düşməsi də çirklənmə riski yaradır. Bu hallar stafilokokk kimi patogen bakteriyaların yayılmasına və qida zəhərlənmələrinə səbəb ola bilər. Bütün bunların qarşısını almaq üçün işçilərə mütəmadi təlimlər keçirilməlidir”.
A.Salamovun sözlərinə görə, bir çox ölkələrdə uzun illərdir HACCP sistemi tətbiq olunur və qida məhsullarının saxlanması, hazırlanması, təqdimatı ciddi qaydalarla tənzimlənir:
“Orada işçilər çiy toyuğun, ətin, yumurtanın, mayonezli və bişmiş məhsulların necə və harada saxlanılmalı olduğunu bilirlər. Azərbaycanda da bu qaydalara əməl edən müəssisələr var, lakin onlar əsasən yüksək səviyyəli restoran və otellərdir. Xarici ölkələrdə toy menyuları da bizimkilərdən fərqlənir. Süfrələr çoxsaylı salat, isti və soyuq qəlyanaltılarla doldurulmur. Toylarda əsasən İsveç masası və ya alakart (à la carte) menyu təqdim olunur. Yeməklər ardıcıllıqla, müəyyən edilmiş menyu əsasında verilir. Əvvəlcə ağız dadımlığı (amuse-bouche), sonra digər yeməklər, salat və əsas yemək təqdim edilir. Porsiyalar da daha ölçülü olur. Bizdəki kimi süfrədə boş yer qalmayan, həddindən artıq çeşidlə dolu toy masalarına üstünlük verilmir”.
Zaira Akifqızı Globalinfo.az
Dərc vaxtına görə
Globalinfo.azoxuduğunuz
Azərbaycan toylarında görünməyən təhlükə – Qonaqlara nə verilir?