Azərbaycan səfirliyi Moskvada qadınların ailədə roluna dair məruzə təqdim edib


Moskva, 19 noyabr, AZƏRTAC
Moskvada “Üçüncü minilliyin qadını” adlı 5-ci Beynəlxalq Forum keçirilib. Tədbir iştirakçıları beynəlxalq qadın icmasının çoxqütblü dünyanın formalaşmasında rolunu müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi “Rəqəmsal dövrdə diplomatik ailədə valideynlər və uşaqlar arasında ünsiyyət. Ailədə dialoqun qurulmasında qadınların rolu” adlı məruzə təqdim edib.
Məruzədə rəqəmsallaşma və diplomatik xidmətin gərgin qrafiki fonunda valideynlər və uşaqlar arasında etibarlı ünsiyyətin necə qorunacağı təqdim olunub. Qadınların ana dilinin və milli adət-ənənələrin övladlarına ötürülməsində roluna xüsusi diqqət yetirilib. Həmçinin qeyd edilib ki, ailə daxilində qarşılıqlı anlaşma diplomatlara peşəkar fəaliyyətlərində kömək edir.
Forumun açılış mərasimində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın giriş nitqi dinlənilib. O, qadınların beynəlxalq danışıqlarda, elmdə və idarəetmədə artan rolunu, eləcə də ailə dəyərlərinin möhkəmləndirilməsinə verdiyi töhfələri qeyd edib.
Tədbirə Rusiyanın regionlarından, MDB-dən, Körfəz də daxil olmaqla ərəb dövlətlərindən, eləcə də Asiya və Afrika ölkələrindən nümayəndələr qatılıblar. Parlament üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, biznes icmalarının və ictimai təşkilatların nümayəndələri plenar iclasda və altı panel iclasında iştirak ediblər. Müzakirələr qadın sahibkarlığı, yaradıcı sənaye, maliyyə və rəqəmsal texnologiyalar, tibbi turizm, təhsil, tarixi-mədəni irsin qorunması mövzuları ətrafında aparılıb.
“Qadınların əlləri ilə” beynəlxalq sərgi və yarmarkada xalq sənətkarlığı nümunələri, eləcə də müxtəlif ölkələrdən olan dizaynerlərin əl işləri nümayiş etdirilib. Forumda, həmçinin “Üçüncü minilliyin qadını” beynəlxalq mükafatının təqdimetmə mərasimi də keçiriləcək.
Forum Beynəlxalq Qadınlar Birliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyi və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə təşkil olunub.
Fəridə Abdullayeva
Moskva
1 mənbə
