Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib -


17-18 noyabr 2026-cı il tarixlərində Ankarada, Türkiyə Respublikasının Prezident Administrasiyasının Millət Kitabxanasında "2026-cı il Beynəlxalq Muzeyçilik Konqresi" (Türkiye Uluslararası Müzecilik Kongresi 2026) keçirilib. Trakya Universiteti və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə təşkil olunan konqresdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova da iştirak edərək məruzə ilə çıxış edib.
Şirin Məlikova "Muzey kolleksiyalarından beynəlxalq elmi dialoqa: Azərbaycan Milli İncəsənət Muzeyinin təcrübəsi" (From Museum Collections to International Scholarly Dialogue: The Experience of the Azerbaijan National Museum of Art) mövzusunda məruzəsində muzeyin zəngin kolleksiyalarının tədqiqi, daimi ekspozisiyaların yenilənməsi, Azərbaycan incəsənətinin beynəlxalq elmi müstəvidə tanıdılması və muzeylərarası elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Çıxış zamanı, həmçinin Azərbaycan non-konformist incəsənətinin, xüsusilə Abşeron məktəbinin beynəlxalq incəsənət tarixi kontekstində öyrənilməsinin əhəmiyyəti, muzey kolleksiyalarının elmi tədqiqi nəticəsində əsərlərin atribusiyasının dəqiqləşdirilməsi və xarici mütəxəssislərlə əməkdaşlığın yaratdığı imkanlar diqqətə çatdırılıb.
Beynəlxalq elmi platformada təqdim olunan məruzə Azərbaycan incəsənət irsinin dünya elmi ictimaiyyətinə tanıdılması və muzeylər arasında peşəkar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Nocomment.az+3 mənbə