Azərbaycan Ermənistana $23 milyonluq məhsul satıb


Azərbaycan 2026-cı ilin ilk üç rübündə Ermənistana 23,45 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İxracın 97,4%-ni neft məhsulları təşkil edib.
Banker.az xəbər verir ki, xarici ticarət bülleteninin məlumatlarına əsasən, hesabat dövründə Ermənistana 18,91 min ton dizel ixrac olunub. Bu məhsulların ümumi dəyəri 20,09 milyon dollar təşkil edib.
Bundan əlavə, Ermənistana 1 950,85 ton 95-dən aşağı oktan ədədli mühərrik benzini göndərilib. Bu kateqoriya üzrə ixracın dəyəri 1,59 milyon dollar olub.
95 oktan ədədli mühərrik benzinlərinin ixracı isə 1 743,22 ton və ya 1,17 milyon dollar təşkil edib.
Neft məhsulları ilə yanaşı, Ermənistana 236,64 ton plastik tikinti detalları da göndərilib. Bu məhsulların ixracından 599,62 min dollar gəlir əldə olunub.
Eyni dövrdə Azərbaycana Ermənistandan 96,46 min dollarlıq məhsul idxal edilib. İdxalın əsas hissəsini 95,34 min dollar dəyərində 19,41 ton alüminium folqa təşkil edib.
Bundan başqa, Ermənistandan az həcmdə təzə qızılgüllər və kişi geyimləri idxal olunub.
Nəticədə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanın Ermənistanla xarici ticarətində 23,35 milyon dollarlıq müsbət saldo yaranıb.
