Azərbaycan arxeologiyasının nailiyyətləri Kiel Universitetində təqdim olunub


Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri dosent Bəxtiyar Cəlilov Almaniyanın Kiel Universitetində “Kurqanlar və mis: Qərbi Avrasiyada monumentallıq və texnologiya arasında əlaqələr, e.ə. 3800–1600-cü illər” mövzusunda keçirilən beynəlxalq elmi seminarda iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Azərbaycanlı alim tədbirdə “Kür-Araz mədəniyyəti kontekstində lokal dəfn ənənəsi: Qərbi Azərbaycanda yeraltı dəfn kameralarına malik kurqanlar” mövzusunda məruzə təqdim edib. Məruzədə Qərbi Azərbaycan ərazisində aşkar edilmiş yeraltı dəfn kameralarına malik kurqanların arxeoloji xüsusiyyətləri, memarlıq quruluşu, dəfn mərasimləri və Kür-Araz mədəniyyəti ilə qarşılıqlı əlaqələri təhlil olunub. Xüsusilə bu abidələrin Erkən Tunc dövründə Cənubi Qafqazın dəfn ənənələrinin öyrənilməsindəki əhəmiyyəti, kollektiv dəfn praktikaları və kurqanaltı yeraltı kameraların regional arxeoloji kontekstdə yeri diqqətə çatdırılıb.
Bəxtiyar Cəlilovun seminarda iştirakı və məruzəsi Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatların, xüsusilə Cənubi Qafqazın qədim kurqan mədəniyyətləri və dəfn ənənələri ilə bağlı elmi nəticələrin beynəlxalq elmi ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür elmi platformalarda iştirak ölkəmizin arxeoloji irsinin beynəlxalq miqyasda tanıdılmasına və xarici elmi mərkəzlərlə əməkdaşlığın inkişafına töhfə verir.
Beynəlxalq seminarın əsas məqsədi Qərbi Avrasiyada e.ə. 3800–1600-cü illər ərzində kurqan mədəniyyətlərinin inkişafını, monumental dəfn abidələri ilə metallurgiya və texnoloji yeniliklər arasındakı əlaqələri, həmçinin qədim cəmiyyətlər arasında mədəni və texnoloji qarşılıqlı təsirlərin müzakirəsi olub. Almaniya ilə yanaşı, İngiltərə, Avstraliya, Polşa, Moldova, Ukrayna, Çexiya, Niderland və Gürcüstandan arxeoloq və tədqiqatçıların qatıldığı tədbir aktual elmi problemlərin müzakirəsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
1 mənbə