"Ayxan Abbasovu qarşıda çətin qərarlardan biri gözləyir" - Vaqif Sadıqov


Dünən Azərbaycan millisi yoxlama matçında Andorra ilə üzləşib. Komandamız 3:1 hesablı qələbə qazanıb.
Yığmamızın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb matçla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Ayxan Abbasovun rəhbərliyi altında ardıcıl iki səfər matçından maksimum nəticə ilə ayrılmaq komanda üçün ciddi psixoloji üstünlük yaradır. Bu, çox sevindirici haldır ki, ili müsbət notlarla başa vurmuşuq. Komandanın ilin son matçında rəqib meydanında üç qol vuraraq qalib gəlməsi gələcək çempionatlar öncəsi futbolçulara böyük inam verir. Bu, çox önəmli idi.
Ümumiyyətlə, nəzərə alsaq ki, ardıcıl qələbə seriyasının şahidi oluruq, noyabr toplanışı çərçivəsində həm rəsmi, həm də yoldaşlıq görüşündə qələbə qazanılması komandanın oyun intizamının və məhsuldarlığının artdığını təsdiqləyir. Belə bir əhval-ruhiyyə ilə gələcək planları qurmağın vaxtı gəlib çatıb. Bu matç həm də yeni mərhələyə keçidin başlanğıcıdır. Komandanın təcrübəli futbolçularının yerini yeni nəslin nümayəndələrinin alması və məsuliyyəti öz üzərinə götürməsi baxımından mühüm bir başlanğıc nöqtəsidir.
Emin Mahmudov 2016-cı ildən, artıq 10 ildir ki, milli komandanın formasını geyinən yarımmüdafiəçidir. Onun bu yolu gözümüzün qarşısında keçib. Bu müddət ərzində o, alqışlarla qarşılanıb və tarixi rekordlara imza atıb. Emin komandanın böyük liderlərindən biri idi və fədakarlığı ilə seçilən futbolçu olub. O, təkcə vurduğu qollarla deyil, həm də çətin dönəmlərdə kapitan kimi komandanı meydanda birləşdirməsi ilə azarkeşlərin yaddaşında qalacaq. Emin haqqında xeyli danışmaq olar. İndi isə Ayxan Abbasovu qarşıda çətin qərarlardan biri gözləyir: kapitanlıq kimə həvalə olunmalıdır? Bu vəzifəyə elə bir futbolçu seçilməlidir ki, liderlik keyfiyyətlərinə malik olsun, oyunu ilə komandanı birləşdirərək öz arxasınca apara bilsin. Düşünürəm ki, bu, məşqçilər heyətinin qarşıdakı toplanışlarda verəcəyi əsas qərarlardan biri olacaq".
Əlisahib İbrahimli
1 mənbə
