Avtomobil idxalına tətbiq olunan vergiyə yenidən baxıla bilər - VİDEO


Elektrik avtomobillərinin idxalına tətbiq olunan vergiyə yenidən baxılmalıdır.
Xezerxeber.az-ın məlumatına görə, bu fikri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa səsləndirib.
O, elektrik avtomobillərinin alışını təşviq etmək üçün vergi güzəştlərindən istifadə edən ölkələrin təcrübəsinə diqqət çəkib.
Plenar iclasda vergi qaydalarının tibb müəssisələri arasında rəqabətə təsirindən də danışılıb.
Deputat Rəşad Mahmudov eyni şəraitdə xidmət göstərən müəssisələr üçün vahid vergi prinsiplərinin müəyyən edilməsini vacib sayıb.
Layihədə aqrar istehsaldan əldə olunan gəlir və ya mənfəətin 90 faizinin beş il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur. Güzəştdən yararlanmaq üçün qeydiyyatdan keçmək və vergi bəyannaməsi təqdim etmək şərti qoyulur. Deputat Məşhur Məmmədov bu şərtlərin fermerlər üçün yaradacağı uçot xərclərinə baxılmasını təklif edib.
Fermerlərin uçot xərcləri ilə bağlı səslənən narahatlığa komitə sədri Azər Əmiraslanov münasibət bildirib. O deyib ki, uçotun təkmilləşdirilməsi dövlətin fermerlərə ayırdığı dəstəyin nəticələrini daha dəqiq qiymətləndirməyə imkan verəcək.
Azər Əmiraslanovun sözlərinə görə, 2027-ci il üzrə vergi və gömrük güzəştlərinin ümumi məbləği 7 milyard 500 milyon manat həcmində nəzərdə tutulur. Bunun 4 milyard 200 milyon manatı vergi güzəştlərinin payına düşür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
1 mənbə