Avropada planetin istənilən nöqtəsini 60 dəqiqə ərzində orbitdən zərbə ilə məhv edə biləcək yeni silah hazırlanır


MBDA və Almaniyanın “Atmos Space Cargo” startapı orbitdən zərbə endirmək qabiliyyətinə malik yeni silah sisteminin yaradılması imkanlarını araşdıracaqlar.
Avropada kosmik bazalı yeni silah hazırlanır. Məqsəd planetin istənilən nöqtəsində yerləşən hədəfə zərbə endirmək imkanını yaratmaqdır. Bu zərbənin komandanın verilməsindən sonra 60 dəqiqə ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Ümumavropa şirkəti MBDA Almaniyanın kosmik startapı “Atmos Space Cargo” ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Razılaşma çərçivəsində şirkətlər orbitdə yerləşdirilən yeni silah sisteminin yaradılması imkanlarını araşdıracaqlar.
Belə silah Avropa ölkələrinə zərbə əmri verildikdən sonra 60 dəqiqə ərzində Yer kürəsinin istənilən nöqtəsinə son dərəcə güclü və yüksək dəqiqlikli zərbələr endirmək imkanı yaratmaqla çəkindirmə vasitəsinə çevrilməlidir. Bu barədə “Defense News” nəşri yazıb.
Layihə çərçivəsində MBDA döyüş başlıqlarının və tuşlama sistemlərinin hazırlanmasını, həmçinin müdafiə sistemlərinin yaradılması sahəsində böyük təcrübəsinə əsaslanan texniki ekspertizanı öz üzərinə götürəcək. “Atmos Space Cargo” isə kosmik daşıyıcı platformaya və zərbədən əvvəl atmosferə yenidən daxilolma mərhələsinə cavabdeh olacaq.
“Atmos Space Cargo” startapı artıq uzun müddətdir təkrar istifadə edilə bilən orbital aparatların hazırlanması ilə məşğuldur. Bu aparatların atmosferə yenidən daxil olması üçün böyük ölçülü, şişirdilə bilən istilik qoruyucu ekran və hava əyləci açılır.
Layihə ilə bağlı hazırda çox az detal açıqlanıb. Çünki təşəbbüs hələ konsepsiyanın hazırlanması mərhələsindədir. Buna görə də gələcək orbital silahın konkret olaraq necə görünəcəyini və hansı prinsip əsasında işləyəcəyini dəqiq söyləmək mümkün deyil.
Bununla belə, yayımlanan məlumatlar əsasında ehtimal etmək olar ki, orbitdə onlarla kosmik aparat yerləşdiriləcək. Bu aparatların ya özləri orbitdən enərək hədəfə hücum etməsi, ya da orbitdən enərək hədəfi vuracaq döyüş başlıqlarını buraxması nəzərdə tutula bilər.
Xatırladaq ki, bu ilin aprelində “Atmos Space Cargo” 25,7 milyon avro həcmində investisiya cəlb edib. Bu vəsait hesabına faydalı yükü 100 kiloqrama qədər olan və 3 saatdan 12 aya qədər uçuş müddətinə malik üç “Phoenix 2” aparatının hazırlanması, həmçinin faydalı yükü 1 tona qədər olan daha böyük “Phoenix 3” aparatının işlənib hazırlanması planlaşdırılır.
Bununla belə, yuxarıda qeyd edildiyi kimi, layihə hələ ilkin inkişaf mərhələsindədir. Belə silah sisteminin yaradılması zamanı şirkətləri bir çox çətinliklər gözləyir. Bunlardan biri orbital aparat qrupunun kosmosa yerləşdirilməsini təmin edə biləcək raketdaşıyıcıların tapılmasıdır. Çünki bu məsələdə Amerikanın “SpaceX” şirkətindən asılı qalmaq açıq-aydın yaxşı seçim deyil.
Sevinc Əliyeva Ordu.az