Avropa istilik mövsümündə qaz anbarlarından ehtiyatların 11%-ni çıxarıb


Avropa istilik mövsümünün başlanmasından etibarən yeraltı qaz anbarlarından (YQA) rekord həcmdə qaz çıxarmaqda davam edir. Lakin həftənin əvvəlində müşahidə olunan nisbətən isti hava ehtiyatların sərfiyyat tempini zəiflədib.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatlarına istinadən xəbər verir.
Avropa istilik mövsümünə rekord dərəcədə aşağı qaz ehtiyatları ilə başlayıb. Payızda yeraltı qaz anbarlarının doluluq səviyyəsinin maksimum həddə – 74,96%-ə çatmasından üç həftədən çox vaxt keçib. Bu müddət ərzində anbarlardan ümumi qaz çıxarılması son beş ilin orta göstəricisindən 1,5 dəfə çox olub. İstilik mövsümünün oktyabrın 28-də başlamasından indiyədək Avropa anbarlardan təxminən 7 mlrd. kubmetr qaz çıxarıb.
Məlumata görə, noyabrın 1-dən 18-dək ayın əvvəlindən etibarən anbarlardan çıxarılan qazın ümumi həcmi 6 mlrd. kubmetri ötüb. Lakin bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə aşağıdır. Buna regionda noyabr ayının ortaları üçün xarakterik olmayan nisbətən isti hava şəraiti səbəb olub. Bununla belə, gələn həftənin əvvəlində Mərkəzi Avropada əsl qış temperaturunun müşahidə olunacağı gözlənilir.
Qaz çıxarılması tempinin azalması və eyni zamanda anbarlara qaz vurulmasının artması Avropanın yeraltı qaz anbarlarından xalis qaz çıxarılması göstəricisinə (anbarlardan çıxarılan və anbarlara vurulan qaz həcmləri arasındakı fərq) də təsir edib. İstilik mövsümünün başlanmasından ötən 22 gün ərzində bu göstərici 5,8 mlrd. kubmetr təşkil edib. Bu, hələ də son beş ilin orta göstəricisindən 1,7 dəfə çox olsa da, 2024–2025-ci illərin istilik mövsümündə qeydə alınan rekord göstəricidən geri qalır. Beləliklə, Avropa ölkələri xalis qaz çıxarılması hesabına soyuq mövsümə hazırlıq çərçivəsində yayda anbarlara vurduqları 51,2 mlrd. kubmetr qazın 11%-ni artıq sərf ediblər.
Noyabrın 18-nə olan məlumata görə, Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 69,83% təşkil edib. Bu, son beş ilin həmin tarix üzrə orta göstəricisindən 17,87 faiz bəndi aşağı, ötən ilin eyni tarixindəki 81,2%-lik göstəricidən isə xeyli azdır. Bu, 2011-ci ildən bəri müşahidələrin aparıldığı bütün dövr ərzində həmin tarix üçün qeydə alınan ən aşağı göstəricidir. Avropa İttifaqının anbarlarında təxminən 76,5 mlrd. kubmetr qaz var ki, bu da ötən ilin göstəricisindən 13,2 mlrd. kubmetr azdır və 2013-cü ildən bəri ən aşağı səviyyədir.
Avropa Komissiyasının tələblərinə əsasən, Avropa İttifaqına üzv ölkələr hər il oktyabrın 1-dən dekabrın 1-dək olan dövrdə qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdırlar. Yeraltı qaz anbarlarının doldurulması üçün əlverişsiz şərait yarandığı hallarda bu normadan 10% kənarlaşmaya yol verilir. Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünün başlanğıcına qədər doluluq normasını yerinə yetirmək üçün Avropanın anbarlarına xalis qaz vurulmasının həcmi ən azı 68 mlrd. kubmetr olmalı idi. Lakin bu il çox isti qış olacağına ümid edən Avropa Komissiyası doluluq səviyyəsinin 80%-ə endirilməsinə hazır olsa da, Avropa bu göstəriciyə belə nail ola bilməyib.
Dərc vaxtına görə
