ARKA-nın baş direktoru: Bu, "Azərbaycanfilm"in prosesdən kənarda qalacağı demək deyil -


BAKI, 19 noyabr. TELEQRAF
Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rəşad müəllim, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) üçün il necə keçdi? Qarşıdakı əsas prioritetləriniz, hədəfləriniz və Azərbaycan kinosunun inkişafına yönələn yeni layihələriniz nədən ibarətdir?
- ARKA üçün vacib bir il sona doğru gedir. Artıq ilk üçillik dövr başa çatmaq üzrədir. Ötən dövrdə əsas indikatorların ölçülməsi göstərir ki, inkişaf istiqamətində irəliləyiş əldə etmişik. Əsas göstəricilərdən biri il ərzində on tammetrajlı bədii filmin istehsalıdır. Ümumiyyətlə, ölkə daxilində istehsal olunan tammetrajlı bədii filmlərin sayı Qlobal İnnovasiya İndeksində ölkəmizin mövqeyinə də təsir göstərir. Bu səbəbdən həmin göstərici bizim üçün vacibdir.
Digər tərəfdən, hazırda ARKA 30-dan çox müxtəlif şirkətlə birgə layihələr həyata keçirir. Bu isə öz növbəsində özəl sektorun gücləndirilməsi, yeni iş yerlərinin açılması və kino sənayesinin inkişafı anlamına gəlir. Ayrı-ayrı layihələrin fərdi uğurları da mövcuddur. Filmlərimizin festivallarda iştirak sayı artıb. Eyni zamanda, festivallarda uğurlarımız da var, rejissorlarımız mükafatlara layiq görülüblər.
İl ərzində iki istiqamətdə böyük layihələrimiz olub. Biri “Azərbaycan irsinə səyahət” layihəsidir. Bu layihə artıq genişlənir. Layihə çərçivəsində keçmiş irsimiz və tariximizlə bağlı bu il 4 ekran əsəri hazırlanıb.
Digər əsas mövzulardan biri isə vətənpərvərlik və Vətən müharibəsi temalarıdır. Bu istiqamətdə “44” filmi ərsəyə gəlib. Bu film ölkəmizin kino sənayesində və kinoteatr təcrübəsində ən çox izləyicisi olan filmə çevrilib.
- Son illərdə bir çox filmlərin çəkilməsinə, beynəlxalq festivallarda iştiraka baxmayaraq, Azərbaycan kinosunda ümumi inkişafın baş verməməsinin əsas səbəbi, sizcə, nədir?
- Sizin fikrinizlə razı deyiləm. Çünki inkişafın göstəricisi rəqəmlərdir. Kəmiyyət gec-tez keyfiyyətə çevrilir. İnstitusional islahatlar artıq ölkəmizdə dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Hüquqi çərçivənin də formalaşdırılması həyata keçirilir. Bunun üçün əsas sosial-iqtisadi inkişaf strategiyasını, eyni zamanda, cənab Prezident İlham Əliyev tərəfindən bu il qəbul edilmiş “Mədəniyyət Konsepsiyası 2040” sənədini qeyd etmək olar.
Yaxın zamanda həmin konsepsiya çərçivəsində mədəni və yaradıcı sənayelərin inkişafı, eləcə də audiovizual sahə ilə bağlı dövlət proqramlarının qəbul olunması nəzərdə tutulur.
Digər tərəfdən, biz artıq yeni ekosistem formalaşdırırıq. Bu ekosistemin iştirakçıları həm yaranır, həm də güclənir. Söhbət yalnız prodakşn şirkətlərindən getmir. Kino sahəsində müxtəlif xidmətlər göstərən şirkətlər, kino ictimaiyyətinin güclənməsində mühüm rol oynayan qeyri-hökumət təşkilatları, eləcə də bu sahədə fəaliyyət göstərən dövlət, özəl təhsil və tədris müəssisələri nəzərdə tutulur.
İnkişaf dedikdə bura bir çox amillər daxildir: institusionallaşma, insan kapitalının gücləndirilməsi, investisiyaların təşviqi və digər istiqamətləri qeyd etmək olar. Bütün bu zəncirin ayrı-ayrı həlqələri formalaşdıqda prosesi daha aydın görmək mümkün olur.
Bu gün inkişaf modelimiz bəllidir və biz addım-addım həmin istiqamətdə irəliləyirik. Mövcud göstəricilər bizi əmin edir ki, doğru yoldayıq.
- Kino Agentliyinin Azərbaycan kino sənayesində əsas vəzifələri nədən ibarətdir?
- Əsas məqsədimiz kino sənayesini formalaşdırmaqdır. Bunun üçün bir sıra alətlərdən istifadə edilir. Bu prosesdə çox zaman yalnız bir funksiya – maliyyə dəstəyi ön plana çəkilir. Halbuki məsələ bununla məhdudlaşmır. İnvestisiyaların təşviqi, ölkə daxilində film komissiyaların fəaliyyəti, təşviqat və təbliğat işləri, xarici festivallarda iştirakın təmin edilməsi kimi istiqamətlər də mühüm əhəmiyyət daşıyır. Bütün bu fəaliyyətlər isə yeni bir paradiqmanı ortaya çıxarmalıdır.
Bu modeldə kino sahəsində çalışan hər bir şəxs özü üçün proqnozlaşdırıla bilən gələcək görməlidir. Bu halda kino sənayesi ölkəmizdə kino sənətinin inkişafına xidmət edəcək. Bu iki proses bir-birini tamamladıqda inkişafı daha aydın görəcəyik.
Bu modeli qurmaq Agentliyin əsas vəzifələrindən biridir. Eyni zamanda, kino müəssisələrinin idarə olunması ilə bağlı səlahiyyətləri Mədəniyyət Nazirliyi Agentliyə ötürüb. Son bir il ərzində həm kinostudiyanın, həm Nizami Kino Mərkəzinin, həm də Sumqayıtdakı Nizami kinoteatrının dayanıqlı iqtisadi modelinin qurulması yönündə işlər görülür.
- 2027-ci ildə Azərbaycan kinosunda hansı yeni film layihələri planlaşdırılır?
- Biz 30-a yaxın fərqli şirkətlə işləyirik, əsas tərəfdaşlarımız tammetrajlı bədii filmlər istehsal edən şirkətlərdir. Onların sırasında "Baku" Media Mərkəzi, "Şahdağ Film", "Moz Media", "Aydemir Entertainment", "Karvan Production" və "Nasreddin Production" kimi şirkətlər var.
Onların hər biri vacib layihələr həyata keçirir. Bəzən layihələr çərçivəsində 100-dən çox yeni iş yeri açılır. Bizim üçün ən önəmli məsələ dayanıqlılığı təmin etməkdir. Çünki il ərzində 10 tammetrajlı film çəkib, növbəti illərdə sayın azalmasına yol verə bilmərik. Əksinə, say artmalıdır. Dövlət dəstəyi ilə çəkilən 10 tammetrajlı film sayını özümüz üçün bir göstərici kimi müəyyənləşdirmişik.
Digər mühüm göstərici ölkə daxilində tammetrajlı bədii filmlərin istehsalıdır. Çünki ölkədə milli məzmunun formalaşdırılması olduqca vacib çağırışdır. Burada həm dünya trendləri, həm də müvafiq keyfiyyət standartları nəzərə alınmalıdır. Kinoteatrlarda nümayiş olunan hər hansı milli film istər-istəməz xaricdə böyük maliyyə resursları hesabına istehsal edilmiş filmlərlə rəqabətə girir. Tamaşaçı film seçərkən ilk növbədə özü üçün maraqlı olan məzmuna üstünlük verir. Fikirləşmir ki, bu, Hollivud istehsalıdır, yoxsa yerli filmdir.
Ona görə də rəqabətədavamlı məzmunun yaradılması və bu rəqabətə cavab verə biləcək insan kapitalının formalaşdırılması əsas vəzifələrdəndir. Biz tam əminik ki, son illərdə yerli mütəxəssislərimiz kifayət qədər təcrübə qazanıblar. Ölkəmizdə istedadlı rejissorlar, rəssamlar, bəstəkarlar və ssenaristlər formalaşır. Bu kəmiyyət göstəricisi tədricən keyfiyyətə çevrilir.
- Aktyor və prodüser Azər Aydəmirə məxsus “Aydəmir Entertainment” şirkətinə Kino Agentliyi tərəfindən 857 600 manat məbləğində vəsaitin ayrılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu...
- Məncə, bu, böyük rəqəm deyil. Tarixi rekonstruksiyaya ehtiyacı olan filmlərdə dekorasiyalar hazırlanmalıdır, uyğun geyimlər tikilməlidir. Təkcə sözügedən layihədə deyil, bir çox digərlərində də eyni proses icra olunur. ARKA çalışır ki, ümumilikdə bu sahədəki prosesləri optimallaşdırsın. Nəzərə almalıyıq ki, tarixi filmlərin mütəxəssis və peşəkarlar tərəfindən elmi təhlilinin aparılması təmin edilməlidir. Bu sahədə tədqiqatlara ehtiyac var.
Sözügedən layihəyə kifayət qədər insan kapitalı və resursları cəlb olunub. Bu, özəl prodakşn şirkətinin layihəsidir, vergilər, aktyor və mütəxəssislərin xidmət haqları da hesablanmalıdır. Məncə, bu baxımdan məbləğ yüksək deyil. Gəlin, premyeranı gözləyək. Film "İşquz dövləti" adlanır və premyerası dekabrda olacaq.
Başqa maraqlı layihələrimiz də var. "Şahdağ Film" tərəfindən “Memar Əcəmi” filmi, "Caspian Media Group" tərəfindən isə “Atropatena” layihəsi üzərində iş gedir. Hesab edirik ki, müstəqil Azərbaycanın öz tarixi filmlərinə böyük ehtiyacı var. Bu sahəyə investisiya yatırmalı, prosesə tanınmış şəxslər, peşəkarlar və mütəxəssislər cəlb edilməlidir ki, formalaşdırılan məzmun geniş auditoriya üçün maraqlı olsun.
- Film layihələri üzrə müsabiqələr elan edirsiniz. Rejissor, prodüser və ssenaristlərlə əməkdaşlıq zamanı layihələrin seçimində hansı əsas meyarlara üstünlük verilir?
- Kino sahəsində formalaşmış yeni mexanizmin hamı üçün daha anlaşıqlı olması vacib hesab edilir. Çünki müsabiqə yarış deyil, bir mexanizmdir. Dövlət maliyyə resursunu uğurlu layihələrə yönləndirmək üçün bu mexanizmdən istifadə edir. Burada həm rejissorun və yaradıcı heyətin potensialı, həm də prodakşnın fəaliyyət təcrübəsi nəzərə alınır. Şirkət layihəni həyata keçirmək imkanına malik olduğunu sübut etməlidir. Eyni zamanda, hər hansı layihənin nə dərəcədə vacib və maraqlı olması, dövrün tələblərinə nə dərəcədə cavab verməsi də əsaslandırmalıdır.
Müsabiqə vasitəsilə bu suallar kino sahəsində söz sahibi olan, cəmiyyətimizdə tanınan ekspertlərin qarşısında qoyulur və pitçinq formatında cavablandırılır.
Gənc rejissorlar üçün ayrıca müsabiqə və imkanlar da yaradılır. Çünki eyni müsabiqə çərçivəsində tanınmış, təcrübəli rejissorun layihəsini gənc rejissorun işi ilə müqayisə etmək olduqca çətindir. Məqsədlər fərqli olduğuna görə bu istiqamətdə ayrıca müsabiqələrin keçirilməsi nəzərdə tutulur.
Hesab edirik ki, özəl sektorun kino sənayesində əsas oyunçulardan birinə çevrilməsi üçün onlara maliyyələşmə mexanizmləri və müvafiq imkanlar yaradılmalıdır. Biz gənc rejissorlarla işləyirik. Yeni layihələrə və ilk yaradıcı işini təqdim edən şəxslərə üstünlük verməyə çalışırıq.
2023-cü ildə ilk tədris filmləri layihəsi həyata keçirilib. Gələn il də bu təcrübəni davam etdirməyi planlaşdırırıq. Təəssüf ki, bu il müsabiqədə xüsusi istiqamət olsa da müraciətlərin sayı çox az idi. Buna görə təşviq işləri daha da gücləndirilməlidir.
- "Azərbaycanfilm" kinostudiyasının yenidən canlandırılması və müasir texnologiyalarla təchiz edilməsi istiqamətində planlaşdırılan "KinoPark" layihəsindən gözləntiləriniz nələrdir?
- Qeyd olunduğu kimi, artıq kino istehsalı özəl sektora keçib. Lakin bu, “Azərbaycanfilm” kinostudiyasının prosesdən kənarda qalacağı demək deyil. Burada müvafiq infrastruktur, şərait və formalaşmış kino mühiti var. Biz bütün özəl şirkətləri “KinoPark”a dəvət edirik. Burada bir araya gəlməklə kino istehsalı zəncirinin bütün iştirakçıları vahid məkanda fəaliyyət göstərə bilərlər. Nəticədə xərclər azala, vaxt itkisinin qarşısı alına, ümumilikdə isə maliyyə və digər resurslara qənaət edilə bilər.
Nəzərə alsaq ki, kinostudiyada müəyyən tədris layihələri də həyata keçirilir, hazırda reallaşdırdığımız biznes inkubasiya layihəsini də artıq "KinoPark"da təşkil edirik. Burada yeni nəsil formalaşacaq. Bu isə yeni şirkətlərin və mütəxəssislərin yetişməsi deməkdir.
Artıq bu il kinostudiyanın, yəni "KinoPark"ın rezidentlərinin sayı 20-yə yaxınlaşır. Proses gələn il də davam edəcək. Düşünürəm ki, "KinoPark"ın sənaye parkı formatında inkişafına şahid olacağıq.
- "Azərbaycanfilm” kinostudiyasının əsas binasının təmiri nəzərdə tutulurmu? Konkret plan və tarix müəyyənləşdirilibmi?
- Bu ilin sonuna qədər Azərbaycan Respublikası Kino Agentliyinin ofisini “Azərbaycanfilm” kinostudiyasının binasına köçürəcəyik. Bu məqsədi qarşımıza ötən il qoymuşuq. Əgər oranı "KinoPark" etmək istəyiriksə, özümüz də orada olamlıyıq. Artıq ərazidə abadlıq işləri görülür, təmir işlərinin layihələndirilməsi aparılır.
Hazırda sual "KinoPark" layihəsinin dövlət, yoxsa özəl investisiyalar hesabına həyata keçiriləcəyidir. Biz daha çox özəl sektorun bu prosesə qoşulmasını istəyirik. Çünki kino sahəsi gündən-günə daha cəlbedici investisiya istiqamətinə çevrilir. Buna görə də dayanıqlı kino sənayesindən danışırıq.
Ümumi daxili məhsulda mədəni və yaradıcı sənayenin payı, o cümlədən bu sahə daxilində kino və audiovizual sektorun çəkisi artmaqdadır. Bu isə özəl sektor üçün cəlbedici imkanlar yaradır. "KinoPark" sənaye parkı statusu əldə edərsə, mənim fikrimcə, bu məsələnin cavabı dərhal tapılacaq.
Binada təmir işləri davamlı aparılır. Hər gün yenilənmə işləri görülür. Son altı ay ərzində bir neçə məkanda yeni pavilyonlar qurulub.
Kinostudiyamız çox böyükdür. Bir il ərzində icra olunmuş işlər bəzən nəzərə çarpmaya bilər. Düşünürəm ki, gələn il kifayət qədər yenilik görəcəyik. Bu yeniliklər həm mövcud infrastrukturda, həm də istehsal edilən audiovizual məzmunda özünü göstərəcək. Əgər məzmun yaradılırsa, deməli, kinostudiya bərpa olunur...
- Özəl sektorun kino istehsalına marağını artırmaq üçün hansı imkanlar yaradılır?
- Ümumiyyətlə, bu sahədə fəaliyyət göstərən özəl biznes subyektləri üçün müvafiq imtiyazlar mövcuddur və mədəniyyət konsepsiyası çərçivəsində onların sayının artırılması nəzərdə tutulur. Bu sahədə çalışan şirkətlər hazırda mənfəət vergisinin 90 faizindən azaddır. Eyni zamanda, xarici istehsalçıları ölkəmizə cəlb edən şirkətlərə təşviq mexanizmi çərçivəsində çəkilən xərclərin 40 faizədək hissəsinin geri ödənilməsi təklif olunur. Bu da öz növbəsində yerli xidmətlərin regional bazarda rəqabət qabiliyyətini artırır.
Fikrimizcə, bu sahənin müəyyən müddət ərzində vergidən tam azad edilməsi sürətli inkişafa səbəb ola, xüsusilə bu sahənin kölgədən tamamilə çıxarılmasına imkan yarada bilər. Layihələrin və filmlərin sayı, eləcə də bəzi filmlərin keyfiyyət səviyyəsi göstərir ki, Azərbaycanın ən azı regional bazarda güclü oyunçuya çevrilmək imkanı var. Bu isə yalnız və yalnız özəl sektorun dəstəyi ilə mümkün ola bilər.
- Kino Agentliyi ilə Kino İttifaqı arasında əməkdaşlıq necə qurulub? Sizcə, kino sahəsində fəaliyyət göstərən müxtəlif qurumlar arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac varmı?
- Agentlik Mədəniyyət Nazirliyinin bu sahədəki siyasətini həyata keçirərək kino ictimaiyyətini daha fəal rol oynamağa dəvət edir. Bunun üçün mövcud olan bütün alətlərin inkişaf etdirilməsinə və təkmilləşdirilməsinə hazırıq. Həmin imkanlardan daha səmərəli istifadə etmək məqsədilə daim onlarla işləyirik. Çalışırıq ki, yalnız Kinematoqrafçılar İttifaqı ilə deyil, bu sahədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları ilə də sıx əməkdaşlıq edək. Kinorejissorlar Gildiyası, Prodüserlər Gildiyası, Azərbaycan Animasiya Assosiasiyası və Türk Dünyası Animasiya Assosiasiyası ilə fəal işləyirik.
Onların təklif və tövsiyələrini dinləyərək mövcud idarəetmə modellərimizi təkmilləşdiririk. Bu, davamlı prosesdir. Qeyd olunduğu kimi, artıq eqosistemdən ekosistemə keçid baş verib. Əsas məqsədimiz bu ekosistemi kino sənətimiz və kinematoqrafçılarımız üçün daha səmərəli etməkdir.
- Bir müddət əvvəl məşhur aktyor Ceki Çanın baş rolu oynadığı "Tanrının zirehi 4: Ultimatum" filminin bir hissəsinin Azərbaycanda çəkilməsi kino sənayemizin beynəlxalq səviyyədə tanıdılması və inkişafı baxımından hansı əhəmiyyət daşıyır?
- Film hələ yayımlanmayıb. Real faydanı nümayişdən sonra görəcəyik. İlkin təhlillər göstərir ki, bu layihə ölkə iqtisadiyyatına on milyonlarla töhfə verə bilər. Çünki nəticədə Azərbaycana turist axını və ölkəmizə maraq artacaq. Söhbət sadəcə filmin bir neçə gün Bakıda çəkilməsindən getmir. Bu, böyük maraq doğuran filmin bir hissəsində Azərbaycanın nümayiş etdirilməsi və təbliği deməkdir.
Digər real məsələlərdən biri artıq beynəlxalq bazarlardakı mövqeyimizin dəyişməsidir. Əgər əvvəllər xarici istehsalçıları ölkəmizə dəvət edə bilirdiksə, indi Ceki Çan kimi dünya ulduzunun Azərbaycanda film çəkdiyini nümunə göstərə bilirik.
Əlbəttə, bundan əvvəl də Azərbaycanda filmlər çəkilib. Lakin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Film Komissiya sistemi formalaşdıqdan sonra bu, həyata keçirilən ilk belə böyük layihə idi. Qısa müddətdə əldə olunan bu nəticə mühüm uğurdur.
Üçüncü vacib məqam isə yerli mütəxəssislərin təcrübə qazanmasıdır. Layihədə 200-ə yaxın mütəxəssis fərqli sahədə iştirak edib. Söhbət həm texniki işçilərdən, həm də yaradıcı heyətdən gedir. Bir sıra azərbaycanlı aktyorlar əsas rollarda olmasalar belə, filmdə çəkiliblər. Bu, onlar üçün böyük təcrübə idi. Filmin gələn il yaz aylarında kinoteatrlarda nümayiş etdirilməsi gözlənilir.
- Son olaraq nə demək istərdiniz?
- Artıq ölkəmizdə kifayət qədər film çəkilir, yeni ideyalar və maraqlı ssenarilər formalaşır. Bu isə kino ictimaiyyətinin daha fəal olduğunu göstərir. Çox vacibdir ki, təbliğat işləri həm kino ictimaiyyəti, həm media resursları, həm də cəmiyyətin bütün iştirakçıları tərəfindən həyata keçirilsin.
Milli kinomuza marağın artırılması hər birimizin məsuliyyətidir. Həqiqətən Azərbaycan kinosunun inkişafını istəyiriksə, uşaqlarımızı kinoteatrlara aparmalı, onlara Azərbaycan filmlərini izlətməliyik.
Çalışmalıyıq ki, filmlərimizə Azərbaycan dilində baxaq. Gələn il bu istiqamət Azərbaycan Respublikası Kino Agentliyi üçün xüsusi hədəflərdən biri olacaq. Mədəniyyət Konsepsiyasında Azərbaycan dilinin qorunması mühüm istiqamət kimi əks olunub.
Kino sahəsində bu məqsəd dublyaj və keyfiyyətli məzmun yaradılması vasitəsilə həyata keçiriləcək. Kinomuzu qorumaq üçün kinomuza baxmalıyıq...
1 mənbə
Hit.az+1 mənbə