Arıqlama iynələrini dayandırdılar, psixoz keçirib xəstəxanalıq oldular


Arıqlamaq üçün istifadə olunan GLP-1 tərkibli preparatların qəfil dayandırılması təkcə orqanizmə deyil, beyinə də təsir göstərə bilər. Son dövrlərdə qeydə alınan iki hadisə alimlərdə nadir hallarda da olsa, bəzi insanlarda tirzepatid inyeksiyalarının dayandırılmasının maniya və ya hallüsinasiya kimi psixiatrik əlamətlərə səbəb ola biləcəyi ilə bağlı narahatlıq yaradıb.
Ölkə.az xəbər verir ki, bu iki hadisə ilə bağlı araşdırma resenziyalı tibb jurnalı “The Primary Care Companion for Central Nervous System Disorders”da dərc olunub.
Hər iki xəstədə dərmanı dayandırdıqdan sonra ağır simptomlar yaranıb
Hesabatda bəhs edilən ilk xəstə 2025-ci ilin oktyabrında getdikcə şiddətlənən çaşqınlıq və qəfil ortaya çıxan nizamsız davranışlar şikayəti ilə xəstəxanaya müraciət edən 61 yaşlı kişi olub.
Xəstə əhval-ruhiyyəsinin aşağı düşdüyünü, depressiyasının ağırlaşdığını, paranoya, həmçinin eşitmə və görmə hallüsinasiyaları yaşadığını bildirib.
Bundan əlavə, xəstədə insanın öldüyünə və ya bədəninin bəzi hissələrinin çatışmadığına, yaxud artıq fəaliyyət göstərmədiyinə inanması ilə xarakterizə olunan Kotar sayıqlaması adlı nadir psixiatrik simptom inkişaf edib.
Bildirilib ki, xəstə həmin ilin avqust ayında ürəkbulanma səbəbindən tirzepatid preparatının istifadəsini dayandırıb.
İkinci xəstə isə yenə həmin ay nizamsız davranışlar və əhval-ruhiyyə dəyişiklikləri səbəbindən xəstəxanaya müraciət edən 52 yaşlı kişi olub.
Həkimlər həddindən artıq və qarışıq danışıq, özünü başqalarından üstün hesab etmə, impulsivlik və əsəbilik kimi əlamətlər göstərən xəstəyə manik epizod diaqnozu qoyublar.
Xəstə altı ay ərzində təxminən 45 kiloqram arıqladıqdan sonra əvvəlki ay tirzepatid preparatının qəbulunu qəfil dayandırdığını bildirib.
Xəstəxanaya müraciət etməzdən əvvəlki həftələrdə onun psixoz üçün risk faktoru ola bilən kannabis istifadəsini artırdığı, həmçinin qidalanma çatışmazlığına işarə edən B12 vitamini səviyyəsinin aşağı olduğu müəyyən edilib.
Xəstə əlavə müalicə üçün psixiatriya klinikasına göndərilib.
Mütəxəssislər dərmanın dayandırılması ilə simptomlar arasındakı əlaqəyə diqqət çəkiblər
Hər iki xəstənin yaşadıqları GLP-1 preparatlarının dayandırılmasının psixoza və ya maniyaya səbəb olduğunu sübut etmir. Lakin simptomların ortaya çıxma vaxtı şübhə doğurur.
Araşdırmanın müəllifləri məsələ ilə bağlı qiymətləndirmələrində bildiriblər:
“Ehtimal ki, yeganə amil olmasa da, GLP-1 reseptor aqonistinin dayandırılmasının müəyyən risk qrupuna daxil olan xəstələrdə kəskin başlayan əhval-ruhiyyə pozuntularının və ya psixotik simptomların yaranmasına töhfə verməsi mümkündür. Buraya GLP-1 istifadəsi ilə əlaqəli və ya onun təsiri ilə ağırlaşan qidalanma çatışmazlığı olan xəstələr də daxildir. Məsələn, ikinci xəstədə B12 vitamininin aşağı səviyyədə olması buna nümunədir”.
Hər iki xəstənin əvvəllər müvafiq olaraq depressiya və təşviş pozuntusu diaqnozu alması da diqqət çəkir. Qiymətləndirmələrə görə, keçmişdə mövcud olan bu psixiatrik problemlər simptomların ortaya çıxmasında rol oynamış ola bilər.
GLP-1 preparatlarının beyinə təsiri araşdırılır
Bu hadisələr GLP-1 preparatlarının narahatlıq doğuran psixiatrik hallarla ilk dəfə əlaqələndirilməsi deyil.
GLP-1 reseptorları beyində də mövcuddur və sübutlar bu preparatların qan-beyin baryerini keçə bildiyini göstərir. Lakin dərmanların beyinə çatdıqdan sonra dəqiq olaraq hansı təsirləri göstərdiyi hələ də böyük ölçüdə məlum deyil.
Bir neçə il əvvəl Avropadakı dərman məlumat bazasında semaqlutid, liraqlutid və tirzepatid olmaqla üç GLP-1 preparatı ilə əlaqəli 481 psixiatrik hadisə qeydə alınıb.
Bu hallar nadir hesab olunur və sözügedən preparatlarla bağlı ümumi bildirişlərin 1 faizindən bir qədər çoxunu təşkil edir. Bununla belə, tədqiqatçılar həmin dövrdə bu hadisələrin ciddi və həyati təhlükə yaradan xarakterinə görə əlavə araşdırmaların aparılmasının vacibliyini vurğulayıblar.
Yeni araşdırmaların müəllifləri bildiriblər:
“GLP-1 aqonistləri ilə müalicənin neyropsixiatrik təsirləri getdikcə daha çox qəbul edilsə də, bu preparatların dayandırılmasının psixiatrik nəticələri hələ kifayət qədər öyrənilməyib”.
Müəlliflər GLP-1 reseptor aqonistlərinin dayandırılmasından sonra ortaya çıxan kəskin əhval-ruhiyyə dəyişikliklərinin və ya psixotik simptomların hələ kifayət qədər diqqət yetirilməyən klinik bir hadisə ola biləcəyini qeyd ediblər. Mütəxəssislər preparatları təyin edən həkimlərin GLP-1 dərmanlarında son dəyişikliklərin psixiatrik simptomların yaranmasına səbəb ola bilməsi ehtimalından xəbərdar olmalı olduqlarını bildiriblər.
Getdikcə daha çox insan bu yeni preparatlardan istifadə etdikcə tədqiqatçılar nadir rast gəlinən yan təsirlər haqqında da məlumat əldə edirlər. GLP-1 preparatları bir çox fayda təmin etsə də, onların mümkün mənfi təsirləri haqqında nə qədər çox məlumat əldə olunarsa, problem yarandıqda həm xəstələr, həm də həkimlər buna bir o qədər hazırlıqlı olacaqlar.
Həmidə İbrahimova