“Aqrarkredit” 23 daşınmaz əmlakı və 5 şirkətin borcunu satışa çıxarır


“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı balansında olan daşınmaz əmlakların, eləcə də bir sıra şirkətlərə qarşı borc tələbi hüquqlarının satışı üçün müsabiqə elan edib.
Banker.az xəbər verir ki, təşkilat ümumilikdə 23 daşınmaz əmlakı və 5 şirkət üzrə borc tələbi hüququnu müsabiqə yolu ilə satışa təqdim edir.
Satışa çıxarılan əmlaklar əsasən Bakı şəhərinin Nərimanov, Xətai, Səbail və Suraxanı rayonlarında, həmçinin Abşeron rayonunda yerləşir. Siyahıya qeyri-yaşayış sahələri, torpaq sahələri və digər daşınmaz əmlaklar daxildir.
Əmlakların qiymətləri onların yerləşdiyi əraziyə, sahəsinə və təyinatına görə fərqlənir. Satışa təqdim olunan obyektlər arasında ilkin qiyməti 2 milyon manatdan yüksək olan daşınmaz əmlaklar da var.
Bununla yanaşı, “Aqrarkredit” 5 şirkətə qarşı borc tələbi hüquqlarını da satışa çıxarıb. Siyahıya “Solid Consulting LTD”, “United Textiles” PZF, “Newsky Torqovıy Dom” MMC, “Riyad Farm” MMC və daha bir şirkət üzrə tələb hüquqları daxildir.
Borc tələbi hüquqları arasında ilkin satış dəyəri 14 milyon manat müəyyən edilmiş aktiv də yer alır. Digər tələb hüquqları üzrə qiymətlər ABŞ dolları və manatla göstərilib.
Banker.az xəbər verir ki, hər iki müsabiqə üzrə ərizələrin qəbulu 19 noyabr 2026-cı il saat 10:00-dan 16 dekabr saat 17:00-dək davam edəcək.
Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi isə 21 dekabr 2026-cı il saat 11:30-da “Aqrarkredit”in Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 155 ünvanında yerləşən inzibati binasında keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər müvafiq sənədləri təqdim etməli, əmlak və ya tələb hüququnun ilkin satış dəyərinin 0,5%-i həcmində iştirak haqqı ödəməlidirlər. Qalib ən yüksək qiymət təklif edən iştirakçı olacaq.