Amerikada son dörd prezidentin hansı daha çox SEVİLİR


20.11.2026
11:36
ABŞ-də keçirilən sorğuda ölkənin son dörd prezidentinə – Corc Buş, Barak Obama, Donald Tramp və Co Baydenə ictimai münasibət araşdırılıb. Nəticələr seçicilərin Obamaya daha çox üstünlük verdiyini, Tramp və Baydenə münasibətdə isə ciddi fikir ayrılıqlarının olduğunu göstərib.
ERAmedia xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 51 faizi Barak Obamanı son dörd prezident arasında ilk sırada göstərib. Onların 18 faizi Obamanı ikinci, 24 faizi üçüncü, 8 faizi isə sonuncu sıraya yerləşdirib.
Obama xüsusilə Demokrat seçicilər arasında yüksək dəstək qazanıb. Onu mütərəqqi Demokratların 83 faizi, mərkəzçi Demokratların isə 76 faizi ilk sırada qeyd edib. MAGA tərəfdarları və bu hərəkatı dəstəkləməyən Respublikaçılar arasında isə Obama üçüncü yerdə qərarlaşıb.
Donald Tramp respondentlərin 28 faizinin ilk seçimi olub. Bununla yanaşı, sorğuda iştirak edənlərin 52 faizi onu sonuncu sırada göstərib. Respondentlərin 11 faizi Trampı ikinci, 9 faizi isə üçüncü yerdə qeyd edib. Trampa dəstək mütərəqqi Demokratlar arasında 4, mərkəzçi Demokratlar arasında 6 faiz təşkil edib. MAGA tərəfdarları arasında bu göstərici 81, MAGA hərəkatını dəstəkləməyən Respublikaçılar arasında isə 42 faiz olub.
ABŞ-ın keçmiş prezidenti Corc Buş respondentlərin 16 faizinin ilk seçimi olub. Sorğuda iştirak edənlərin 40 faizi onu ikinci, 38 faizi üçüncü, 7 faizi isə sonuncu sıraya yerləşdirib. Buş həm mütərəqqi, həm də mərkəzçi Demokratlar arasında Baydendən öndə olub. Respublikaçı seçicilər arasında da ikinci sırada qərarlaşıb.
Co Bayden isə respondentlərin yalnız 5 faizinin ilk seçimi olub. İştirakçıların 34 faizi onu sonuncu, 32 faizi ikinci, 28 faizi isə üçüncü sırada göstərib. Bayden Respublikaçı seçicilər arasında sonuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, Bayden bir müddət əvvəl “Promise Me, America” adlı kitabını nəşr etdirib. O, kitabında ikinci prezidentlik müddəti üçün ən uyğun namizədin özü olduğunu iddia edib və Donald Trampla debatdakı uğursuz çıxışından sonra Demokrat liderlərin onu namizədlikdən çəkilməyə məcbur etməsini tənqid edib.