Tarixi köklərə söykənən dostluqdan genişmiqyaslı strateji əməkdaşlığa


20 noyabr 2026 11:46
51
Prezident cənab İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, müasir inkişaf dinamikasını, strateji tərəfdaşlığın prioritetlərini və gələcək əməkdaşlıq perspektivlərini əhatə edən mühüm siyasi-diplomatik mesajlarla zəngindir. Müsahibə Azərbaycanın xarici siyasətində tarixi dostluqlara sədaqət, qarşılıqlı hörmət, milli maraqların uzlaşdırılması və iqtisadi diplomatiyanın gücləndirilməsi prinsiplərinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Azərbaycan ilə Vyetnam arasında münasibətlər ötən əsrin ortalarından formalaşmağa başlayan, zamanın sınaqlarından keçərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn xüsusi bir əməkdaşlıq modelidir. Bu əlaqələrin təməlində xalqlarımızın qarşılıqlı rəğbəti, siyasi iradə, etibarlı tərəfdaşlıq və beynəlxalq münasibətlərdə ortaq yanaşmalar dayanır. Cənab Prezidentin müsahibəsində bu tarixi irsə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Dövlət başçısı iki ölkə arasında dostluğun əsasını qoymuş liderlərin tarixi rolunu xatırladaraq, bugünkü əməkdaşlığın möhkəm siyasi və mənəvi dayaqlara söykəndiyini vurğulayır.
1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri Azərbaycan-Vyetnam münasibətlərinin tarixində mühüm hadisə olmaqla, iki xalq arasında dostluq bağlarının formalaşmasına əhəmiyyətli töhfə verib. Bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri və onun təşəbbüsü ilə səfər proqramının genişləndirilməsi xüsusi yer tutur. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına dəstək verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib. Bu tarixi faktlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində hələ sovet dövründən etibarən fəal rol oynadığını, diplomatik təşəbbüslərinin və iqtisadi potensialının regional çərçivələrlə məhdudlaşmadığını göstərir.
Müasir mərhələdə Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasətin mühüm istiqamətlərindən biridir. 2014-cü ildə dövlət başçısının Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin siyasi əsaslarını daha da möhkəmləndirib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri isə münasibətlərin yeni mərhələyə keçidini təmin edən mühüm siyasi hadisə olub. Səfər zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldərək, qarşılıqlı münasibətlərə daha geniş siyasi, iqtisadi və institusional məzmun qazandırıb. Strateji tərəfdaşlıq statusu yalnız siyasi münasibətlərin yüksək səviyyəsini ifadə etmir, həm də konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi, yeni bazarlara çıxış və uzunmüddətli layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır. Energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik, sənaye və digər sahələri əhatə edən danışıqlar iki ölkənin əməkdaşlığa kompleks yanaşdığını göstərir. Dövlət başçılarının siyasi iradəsi ilə yanaşı, hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, müvafiq dövlət qurumları və hakim partiyalar arasında əlaqələrin inkişafı tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın inkişafı da bu münasibətlərin siyasi və ideoloji dialoq müstəvisində əhəmiyyətli istiqamətlərindən biridir. Siyasi partiyalar arasında qarşılıqlı təcrübə mübadiləsi, siyasi məsləhətləşmələr və əlaqələrin genişləndirilməsi dövlətlərarası münasibətlərin davamlılığına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda əməkdaşlığı onların qlobal məsələlərə dair dialoqunun mühüm tərkib hissəsidir. Cənab Prezidentin müsahibəsində iqtisadi-ticari əlaqələrin inkişaf perspektivlərinə xüsusi yer ayrılması Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyanın artan rolunu aydın nümayiş etdirir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarından artıq olması müsbət dinamikanın göstəricisidir. Bununla belə, dövlət başçısının vurğuladığı kimi, mövcud göstəricilər tərəfdaşlığın real potensialını tam əks etdirmir. Azərbaycan və Vyetnamın iqtisadi imkanları, sənaye təcrübəsi, istehsal və ixrac potensialı qarşılıqlı ticarətin daha geniş miqyasda inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır.
Energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının tarixi və strateji əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Azərbaycanın zəngin enerji resursları, neft-qaz sektorunda formalaşmış təcrübəsi və beynəlxalq enerji bazarlarında mövqeyi Vyetnamla əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. SOCAR ilə PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun nəzərdə tutduğu yataqların kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlər qarşılıqlı faydalı əməkdaşlığın konkret məzmununu formalaşdırır. Bu əməkdaşlıq Azərbaycanın enerji diplomatiyasının coğrafiyasının genişləndirilməsi, milli şirkətlərin beynəlxalq fəaliyyətinin gücləndirilməsi və yeni bazarlarda mövqelərinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.
Azərbaycanın investisiya mühiti, iqtisadi islahatları və qeyri-neft sektorunun inkişafı Vyetnam biznes dairələri üçün yeni imkanlar açır. Vyetnam şirkətlərinin ölkəmizdə tikinti, infrastruktur, bərpa olunan enerji və digər sahələrdə layihələrin həyata keçirilməsinə maraq göstərməsi iqtisadi münasibətlərin şaxələndirilməsi baxımından müsbət tendensiyadır. “ROX Group” ilə 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər bu marağın praktiki əməkdaşlığa çevrilməsinin nümunəsidir. Belə təşəbbüslər Azərbaycanın investisiya cəlbediciliyini artırmaqla yanaşı, ölkəmizin regional iqtisadi və biznes mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verir.
Azərbaycanın geostrateji mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları Vyetnamla əməkdaşlığın yeni istiqamətlərindən biri kimi tranzit daşımalarını ön plana çıxarır. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu sahədə müsbət dinamikanı nümayiş etdirir. Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycanın beynəlxalq logistika sistemində rolunu gücləndirən mühüm layihələrdir. Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, Azərbaycanın tranzit potensialının daha səmərəli istifadəsinə, regional bağlantıların gücləndirilməsinə və yeni iqtisadi dəyərin yaradılmasına imkan verə bilər.
Müsahibədə humanitar əməkdaşlığın xüsusi vurğulanması Azərbaycan-Vyetnam münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, xalqlar arasında mənəvi yaxınlığın və qarşılıqlı rəğbətin də mühüm rol oynadığını göstərir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar, sosial və təhsil təşəbbüsləri Azərbaycanın beynəlxalq humanitar siyasətinin əhəmiyyətli istiqamətlərindən biridir. Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil layihələrinin dəstəklənməsi, Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə yardımı bu fəaliyyətin konkret nümunələridir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri və keçirdiyi görüşlər humanitar əlaqələrin daha da möhkəmlənməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edib. Təhsil sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm strateji resursdur. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması, əldə etdikləri bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəltməsi xalqlarımız arasında formalaşmış tarixi əlaqələrin mühüm göstəricisidir. Bu ənənənin müasir dövrdə universitetlərarası əməkdaşlıq, akademik mübadilə, birgə proqramlar və təhsil qrantları vasitəsilə davam etdirilməsi yeni nəsillər arasında əlaqələrin möhkəmlənməsinə imkan yaradır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə iki ölkənin tarixində mühüm iz qoymuş şəxsiyyətə ehtiramın və dostluğun simvolik ifadəsidir. Mədəniyyət sahəsində qarşılıqlı əlaqələr də Azərbaycan-Vyetnam dostluğunun zəngin məzmununu ortaya qoyur. Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşri mədəni dialoqun genişləndirilməsinə xidmət edən əhəmiyyətli təşəbbüslərdir. Bu əlaqələrin tarixi kökləri isə daha qədim və zəngindir. Qara Qarayevin 1955-ci ildə “Vyetnam süitası”nı yaratması, Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyət göstərərək milli kino sənətinin inkişafına töhfə verməsi Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidəki izlərini və xalqlarımız arasında yaradıcı əməkdaşlığın ənənələrini nümayiş etdirir. Xalqlar arasında dostluq münasibətləri yalnız xoş günlərdə deyil, çətin və sınaqlı dövrlərdə göstərilən qarşılıqlı dəstəklə də möhkəmlənir. Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi ölkəmizin humanist dəyərlərə, beynəlxalq həmrəyliyə və dost dövlətlərlə münasibətlərdə qarşılıqlı dəstək prinsipinə sadiqliyinin təzahürüdür. Bu cür addımlar diplomatik münasibətlərin mənəvi əsaslarını daha da gücləndirir və xalqlar arasında etimadı möhkəmləndirir. Prezident cənab İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və regional imkanlarının Vyetnamla əməkdaşlıq kontekstində təqdim edilməsidir. Cənubi Qafqazda əsas logistika və energetika mərkəzlərindən biri kimi Azərbaycanın mövqeyi, Vyetnamın isə Cənub-Şərqi Asiyada dinamik iqtisadi inkişafı və geniş istehsal potensialı iki ölkə arasında qarşılıqlı tamamlayıcı əməkdaşlıq imkanları yaradır. Bu imkanların düzgün qiymətləndirilməsi, biznes əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və birgə layihələrin həyata keçirilməsi tərəfdaşlığın gələcək inkişafında mühüm rol oynayacaq. Müsahibə Azərbaycanın xarici siyasət strategiyasının mühüm xüsusiyyətlərini – tarixi dostluqlara sədaqəti, suverenliyə və müstəqilliyə hörməti, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri, iqtisadi diplomatiyanın gücləndirilməsini və beynəlxalq platformalarda fəal iştirakı bir daha ortaya qoyur. Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı göstərir ki, dövlətlər arasında etibarlı tərəfdaşlıq yalnız siyasi iradə ilə deyil, həm də ardıcıl diplomatik fəaliyyət, iqtisadi maraqların uzlaşdırılması, humanitar əlaqələrin genişləndirilməsi və qarşılıqlı etimadın qorunması ilə möhkəmlənir. Prezident cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi, eyni zamanda, qarşıdakı səfərin siyasi və diplomatik əhəmiyyətini, ikitərəfli münasibətlərin yeni mərhələdə daha geniş məzmun qazanacağına dair gözləntiləri ifadə edir. Bu səfər tarixi dostluq ənənələrinin müasir strateji tərəfdaşlıq gündəliyi ilə uzlaşdırılması, yeni iqtisadi imkanların müəyyənləşdirilməsi və konkret əməkdaşlıq layihələrinin təşviqi baxımından mühüm addım olacaq. Azərbaycan və Vyetnam arasında münasibətlərin mövcud inkişaf dinamikası, siyasi dialoqun yüksək səviyyəsi və geniş əməkdaşlıq potensialı gələcəkdə daha böyük nəticələrin əldə olunacağına əsas verir. Tarixi dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə söykənən bu əlaqələr hər iki ölkənin milli maraqlarına, iqtisadi inkişafına və xalqlarının rifahına xidmət etməklə yanaşı, beynəlxalq münasibətlərdə etibarlı və konstruktiv əməkdaşlığın nümunəsi kimi də əhəmiyyət daşıyır.
Mehriban Vəliyeva,
Milli Məclisin deputatı
Bölmədən digər xəbərlər
1 mənbə
