Almaniyadan sərt mesaj: Azərbaycan və Ermənistana görə Berlin-Moskva qarşıdurması


Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın Azərbaycan və Ermənistanın Avropa ilə yaxınlaşmasına mane olmamalı olduğunu bəyan edib.
Paytaxt.rg xəbər verir ki, almaniyalı nazir Cənubi Qafqazın müharibələr və zorakılıq dövrünü geridə qoymaq üçün tarixi fürsət əldə etdiyini bildirib.
“Rusiya insanların və onların gələcəyi hesabına Cənubi Qafqazda təsirini qorumağa çalışır. Lakin Rusiyanın qonşularının Avropa ilə yaxınlaşması məsələsi Moskvada həll edilməməlidir. Buna görə də Ermənistan və Azərbaycanın öz gələcəklərini müstəqil müəyyənləşdirməsi vacibdir. Artıq onların səsinə qulaq asmağın və maraqlarını nəzərə almağın vaxtıdır”, – Vadeful vurğulayıb.
Almaniya XİN rəhbərinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın belə bir ssenaridən narazı olduğunu göstərir.
“Uzun müddət demək olar ki, mümkünsüz görünən bir məsələ indi yaxın perspektivdə reallaşa bilər. Cənubi Qafqazda sülhə nail olmaq imkanından istifadə edilməlidir”, – diplomat bildirib.
Vadeful Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın cəsarət və məsuliyyət nümayiş etdirərək sülh sazişi layihəsini parafladıqlarını xatırladıb.
“İndi əsas məsələ inamla irəliləməkdir. Berlin bu prosesdə etibarlı tərəfdaş olmağa hazırdır. Cənubi Qafqazda sülh və açıq sərhədlər təkcə region xalqlarına deyil, bütün Avropaya fayda gətirəcək”, – nazir əlavə edib.
Musavat.com
1 mənbə
