Almaniya Qafqazda Rusiyanın mövqelərini sıxışdırır: Ermənistan üçün yeni imkanlar yaranır, lakin İrəvan hələ də asılılıqdan qurtulmaqda çətinlik çəkir


“Berlin Cənubi Qafqazda Rusiyanın təsirinin genişlənməsini məhdudlaşdırmağı və Avropanın siyasi və iqtisadi mövcudluğunu gücləndirməyi qarşısına məqsəd qoyduğunu artıq açıq şəkildə ifadə edir”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşrin məlumatına görə, Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakı və İrəvana səfəri Cənubi Qafqazda geosiyasi təsir uğrunda mübarizənin yeni mərhələsində baş tutur.
Məqalədə bildirilir ki, Vadeful Ukraynada müharibənin nəticələrini xatırladaraq Cənubi Qafqaz ölkələrinin Avropa gələcəyinin Moskvada müəyyən edilməyəcəyini bəyan edib.
“Bu bəyanatla Berlin faktiki olaraq regionda daha fəal siyasi rol oynamaq niyyətini açıqlayır. Almaniya Cənubi Qafqazın sabitliyini, iqtisadi müstəqilliyini və Avropa ilə əlaqələrin dərinləşdirilməsini Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsi, eləcə də regionda Rusiyanın təsirinin azaldılması baxımından strateji prioritetlər hesab edir”, - deyə nəşr yazıb.
“1in.am” qeyd edir ki, Almaniya onilliklər ərzində Rusiya ilə münasibətlərini iqtisadi qarşılıqlı fayda və enerji əməkdaşlığı üzərində qurub. Ukraynada müharibə isə bu siyasətin təhlükəli nəticələrini üzə çıxarıb və Berlini strateji prioritetlərini yenidən nəzərdən keçirməyə məcbur edib.
“Almaniya hazırda xarici asılılıqları azaltmağa, enerji daşıyıcılarının tədarükünü şaxələndirməyə və Rusiyanın təsir dairəsində olan regionlarda mövcudluğunu gücləndirməyə çalışır”, - deyə məqalədə vurğulanıb.
Nəşrin fikrincə, Cənubi Qafqaz bu siyasət baxımından xüsusi əhəmiyyət daşıyır. Avropanı Mərkəzi Asiya ilə birləşdirən kommunikasiya xətləri, enerji resursları və yeni ticarət marşrutları regionu Almaniyanın iqtisadi və təhlükəsizlik maraqları üçün mühüm istiqamətə çevirir.
“Bununla yanaşı, Avropa İttifaqı üçün regional sabitlik, siyasi təsir və Avropaya inteqrasiya məsələləri də əhəmiyyət daşıyır. Berlinlə Brüsselin maraqlarının üst-üstə düşməsi Avropanın Cənubi Qafqazda siyasi və iqtisadi mövcudluğunun genişlənməsini sürətləndirə bilər”, - deyə nəşr qeyd edib.
Məqalədə Vadefulun Bakıdakı danışıqlarının Almaniya siyasətinin iqtisadi tərəfini nümayiş etdirdiyi bildirilir. Almaniya Azərbaycan neft və qazının tədarükünü, Orta Dəhlizin inkişafını, investisiya və sənaye əməkdaşlığını vacib hesab edir.
Nəşr Ermənistanla bağlı Almaniyanın marağının əlavə strateji əhəmiyyət daşıdığını vurğulayır. Berlin Ermənistanın Rusiyadan uzunmüddətli iqtisadi və hərbi asılılığını nəzərə alır və onun Avropa ilə əlaqələrinin dərinləşdirilməsini vacib hesab edir.
Məqalədə Nikol Paşinyan və Fridrix Mertsin 2025-ci ilin dekabrında imzaladığı strateji gündəm bu əməkdaşlığın institusional əsaslarından biri kimi göstərilir.
“Almaniya artıq Ermənistanın mühüm iqtisadi, inkişaf və təhsil tərəfdaşlarından biridir. Lakin münasibətlərin real potensialı daha genişdir. Söhbət sənaye texnologiyalarından və peşə təhsilindən tutmuş bərpaolunan enerjiyə, infrastruktura və regional nəqliyyat layihələrinə qədər müxtəlif sahələrdən gedir”, - deyə nəşr qeyd edib.
Qəzetin yazdığına görə, Ermənistan-Türkiyə sərhədinin açılması, regional kommunikasiyaların bərpası və TRIPP layihəsinin (Zəngəzur dəhlizi-red.) həyata keçirilməsi Ermənistanı Avropa ilə Asiyanı birləşdirən ticarət yollarının mühüm qovşağına çevirə bilər.
“Bu layihələrin əsasında Ermənistanın tam suverenliyi və yurisdiksiyası təmin edilməlidir. Almaniya maliyyə, texnoloji və iqtisadi imkanları ilə infrastrukturun inkişafında, Ermənistanın Avropanın nəqliyyat və ticarət sistemlərinə qoşulmasında mühüm rol oynaya bilər”, - deyə məqalədə vurğulanıb.
“1in.am” Vadefulun səfərinin mühüm məqsədlərindən birinin Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasına dəstək vermək olduğunu da bildirir.
“Almaniya onilliklər davam edən münaqişəyə son qoymaq və Cənubi Qafqazda sabit sülh yaratmaq üçün tarixi imkan görür. Berlinin marağı aydın strateji hesablamaya da əsaslanır. Sülh investisiyaları təşviq edə, regional kommunikasiyaları aça, Avropanın iqtisadi və təhlükəsizlik mövcudluğunu gücləndirə bilər”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunur ki, Almaniyanın regional siyasətinin əsas sınaqlarından biri sərhədlərin toxunulmazlığı, güc tətbiqinin istisna edilməsi və dövlətlərin suverenliyinə dair aydın təminatlarla sülhün möhkəmləndirilməsidir. Davamlı sülh regionun iqtisadi inkişafı və Avropa investisiyaları üçün zəmin yarada bilər.
Nəşr Vadefulun İrəvandakı danışıqlarında Ermənistan-Almaniya strateji əməkdaşlığının praktiki nəticələrinin əsas əhəmiyyət daşıyacağını bildirir.
“İnvestisiyalar, enerji və nəqliyyat infrastrukturu, iqtisadi inteqrasiya və təhlükəsizlik sahəsində əməkdaşlıq əsas məsələlər olacaq. Ermənistan üçün Almaniyanın Rusiyadan iqtisadi və enerji asılılığının azaldılmasına dəstəyi də xüsusi əhəmiyyət daşıyır”, - deyə məqalədə qeyd olunub.
Qəzetin qənaətinə görə, Almaniya ilə münasibətlərin dərinləşdirilməsinin real dəyəri investisiyaların həcmi, iqtisadi əlaqələrin möhkəmlənməsi və Ermənistanın müstəqil qərarlar qəbul etmək imkanlarının genişlənməsi ilə ölçüləcək.
“Vadefulun səfəri məhz bu nəticələr əsasında qiymətləndirilməlidir”, - deyə “1in.am” yazıb.
Alpər Mövludoğlu Ordu.az

Report+5 mənbə