Almaniya ordusunun şəxsi heyətinin sayı 190 mini ötdü


Almaniya Silahlı Qüvvələrinin (Bundesver) aktiv hərbi qulluqçularının sayı 190 min 600 nəfərə çatıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Bildirilib ki, oktyabr ayında ordunun şəxsi heyəti 4 mindən çox artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hərbçilərin sayı təxminən 6 min 400 nəfər çoxalıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkə hərbi qulluqçuların cəlb edilməsi üzrə qarşıya qoyulan hədəfləri yerinə yetirir və hətta onları üstələyir. Nazir bu tendensiyanın davam edəcəyi təqdirdə məcburi hərbi xidmətə qayıtmağa ehtiyac qalmayacağına ümid etdiyini deyib.
Məlumata görə, Almaniya 2035-ci ilədək ordusunun sayını 255-270 min nəfərə çatdırmağı planlaşdırır. Bu, NATO-nun şəxsi heyətin artırılması ilə bağlı tələblərinin yerinə yetirilməsinə xidmət edəcək.
Qeyd edək ki, 2027-ci ilin yayından etibarən Almaniyada 18 yaşına çatan bütün gənclər üçün hərbi xidmətə yararlılığın qiymətləndirilməsi prosedurunun tətbiqi nəzərdə tutulur. Bu sistem avtomatik çağırış deyil, xidmətə hazırlığın müəyyənləşdirilməsini hədəfləyir.
