Almaniya ordusu casusluq narahatlığına görə Çin avtomobillərinin hərbi bazalara girişini məhdudlaşdırıb


Almaniya ordusu təhlükəsizlik baxımından həssas hərbi obyektlərə BYD, “Nio” və “Geely” markalı bəzi avtomobillərin girişinə icazə vermir.
Ordu.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Almaniya ordusunda xidmət edən və BYD, “Nio” və “Geely” markalı bəzi Çin istehsalı avtomobillərdən istifadə edən hərbçilər həssas hərbi obyektlərin girişində saxlanılır. Onlardan avtomobillərini obyektin kənarında park etmələri və əraziyə piyada daxil olmaları tələb olunur. Buna səbəb həmin avtomobillərin kameralarının və sensorlarının hansı məlumatları qeydə ala biləcəyi ilə bağlı narahatlıqlardır.
“Der Spiegel” noyabrın 10-da Bundesver daxilində yayılan siyahılarda təhlükəsizlik zonası kimi təsnif edilən obyektlərə buraxılmayan konkret Çin avtomobil modellərinin adlarının yer aldığını yazıb. “Bloomberg” isə ictimaiyyətə açıqlanmayan əks-kəşfiyyat qiymətləndirməsi ilə tanış olan şəxslərə istinadən təhlükəsizlik rəsmilərinin PUA-lar və avtomobillər vasitəsilə siqnalların toplanması nəticəsində casusluq riskini həddindən artıq yüksək hesab etdiyini bildirib.
Almaniya Müdafiə Nazirliyi isə konkret markalara qadağa qoyulması fikrinə qarşı çıxıb. Nazirliyin sözçüsü polkovnik Mitko Müller noyabrın 11-də hökumət mətbuat konfransında məhdudiyyətlərin ümumilikdə şəbəkəyə qoşulan nəqliyyat vasitələrinə aid olduğunu və giriş qaydalarının hər bir obyekt üzrə yerli təhlükəsizlik əməkdaşları tərəfindən müəyyən edildiyini bildirib.
Bu o deməkdir ki, şəbəkəyə qoşulan avtomobilin bir məhdudlaşdırılmış zonaya daxil olmasına icazə verilməyə bilər, lakin həssas binalardan uzaqda yerləşən başqa bir dayanacaqda park etməsinə icazə verilə bilər.
Beləliklə, qadağan olunmuş avtomobillərin vahid və ictimaiyyətə açıq siyahısı yoxdur. Nazirlik BYD, “Nio” və “Geely” dən başqa markaların da məhdudiyyətlərə məruz qalıb-qalmadığını açıqlamayıb.
“Geely” şirkətinin Almaniyadakı fəaliyyəti yalnız öz markası ilə məhdudlaşmır. Şirkət Volvo, Polestar, Lynk & Co, Zeekr və Lotus markalarına da sahibdir, həmçinin “Mercedes-Benz” ilə birlikdə “Smart” markasının ortaq sahibidir.
Nazirlik narahatlıq doğuran avadanlıqlar sırasında kameraları, mikrofonları, radar və ultrasəs sensorlarını qeyd edib. Avtomobillərin park etməsinə və sürücünün vəziyyətinə nəzarət etməsinə kömək edən eyni avadanlıqlar hərbi kazarmaların yaxınlığında yerləşdiyi zaman ərazinin planını, hərəkətləri və texnikanı qeydə ala bilər.
“Stuttgarter Zeitung” nəşrinin məlumatına görə, indiyədək məhdudiyyətlərin tətbiq edildiyi avtomobillərdən hər hansı birinin Bundesverə aid həssas məlumatları Çin kəşfiyyat xidmətlərinə ötürdüyünü təsdiqləyən ictimai sübut yoxdur. Məhdudiyyətlər ehtiyat tədbiri kimi təqdim olunur.
PUA-larla bağlı vəziyyət isə fərqlidir. “Der Spiegel” nəşri mənbəyə istinadən yazıb ki, Almaniya hərbi əks-kəşfiyyat xidməti (MAD) Bundesverin istifadə etdiyi PUA-ları araşdırarkən məlumatların mümkün ötürülməsinə işarə edən kriminalistik izlər aşkarlayıb. Müdafiə Nazirliyi bu iddianı təsdiqləməyib.
Bununla belə, nazirlik PUA-larla bağlı qərarı təsdiqləyib. Nazirliyin sözçüsü “Der Spiegel”ə bildirib ki, gələcəkdə “Çin modellərindən artıq istifadə edilməyəcək və mövcud sistemlər yerli və ya Avropa istehsalı olan məhsullarla əvəzlənəcək”.
Jurnalın istinad etdiyi mənbələrin məlumatına görə, Bundesverin istifadəsində minlərlə Çin istehsalı PUA var.
Almaniya bu addımı atan ilk ölkə deyil. Polşa fevral ayında hərbi obyektlərdə Çin istehsalı avtomobillərin istifadəsini məhdudlaşdırıb. Oktyabr ayında ABŞ ordusu eyni sensorlarla bağlı narahatlıqlara görə Yaponiyanın Okinava adasındakı Kadena aviabazasında şəxsi mülkiyyətə məxsus BYD avtomobillərinin girişini qadağan edib. Norveçdə isə Çin şirkətlərinə məxsus icarə avtomobillərinin hərbi təlimi qeydə aldığı məlum olub.
Almaniya Müdafiə Nazirliyi hərbi bazalarda şəbəkəyə qoşulan nəqliyyat vasitələrinin istifadəsinə dair hərtərəfli qaydalar hazırladığını bildirib.
Sevinc Əliyeva Ordu.az
