Almaniya maliyyə savadlılığını artırmaq üçün ilk milli strategiyasını qəbul edib


Almaniya hökuməti əhalinin maliyyə biliklərini və pul vəsaitlərini idarə etmək bacarıqlarını artırmaq məqsədilə ölkənin ilk milli maliyyə savadlılığı strategiyasını təsdiqləyib. Beş il üçün nəzərdə tutulan sənəd vətəndaşların şəxsi maliyyə qərarlarını daha düzgün verməsinə və maliyyə risklərindən qorunmasına yönəlib.
Bugun.tv xəbər verir ki, strategiya Almaniya Nazirlər Kabineti tərəfindən qəbul edilib. Sənəd pensiya planlaşdırılması, investisiya, ailə büdcəsinin idarə olunması, borclanmanın qarşısının alınması və sahibkarlıq bacarıqlarının inkişafı daxil olmaqla yeddi əsas istiqaməti əhatə edir.
Strategiyada 39 tədbir nəzərdə tutulub
Almaniya hökumətinin açıqlamasına əsasən, strategiya çərçivəsində ümumilikdə 39 tədbirin həyata keçirilməsi planlaşdırılır. Bunlara rəqəmsal pensiya məlumatlarının əlçatanlığının artırılması, yaşlı insanların borclanmadan qorunması, maliyyə xidmətlərindən təhlükəsiz istifadə və vətəndaşların investisiya imkanları barədə məlumatlandırılması daxildir.
Ölkənin maliyyə naziri Lars Klinqbayl maliyyə təhsilinin sosial ədalətlə bağlı olduğunu bildirib. Onun fikrincə, maliyyə bilikləri insanlara müstəqil həyat qurmaq və gələcəkləri ilə bağlı daha əsaslandırılmış qərarlar vermək imkanı yaradır.
Strategiyanın icrasına 2027-ci ildən etibarən Almaniya Maliyyə Nazirliyi və Bundesbankın rəhbərlik edəcəyi xüsusi işçi qrupu nəzarət edəcək. Maliyyə təhsili üzrə təşəbbüslərin uşaqlara, gənclərə və böyüklərə çatdırılması da nəzərdə tutulur.
1 mənbə