Almaniya-Azərbaycan Biznes Şurası nələr qazandıracaq? - AÇIQLAMA


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında bildirib ki, Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb: “Yaxın zamanda həmin Şuranın iclasının keçirilməsi barədə danışıqlar apardıq”.
Bəs Almaniya-Azərbaycan Biznes Şurası hər iki tərəfə iqtisadi baxımdan nələr qazandıracaq?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, müasir dövrdə Almaniya ilə əməkdaşlığımız çox vacibdir, həm Almaniya üçün, həm bizim üçün:
"Almaniyanın böyük iqtisadiyyat olması və onunla əməkdaşlığın vacibliyi bir neçə əsas səbəblə izah olunur. İlk növbədə, hazırda Almaniya iqtisadiyyatının iqtisadi artım tempinə, enerji çatışmazlığı problemlərinə və enerji qiymətlərinin artımına nəzər saldıqda bəzi çətinliklərin mövcudluğu görünür. Eyni zamanda, təchizat zəncirlərində yaranan problemlər səbəbindən Almaniya bu məsələlərə yenidən baxılmasında və məhsulların çatdırılmasında, həmçinin birgə məhsulların istehsalında Azərbaycanı da bu proseslərə əlavə etməkdə maraqlıdır".
Ekspert qeyd edib ki, Azərbaycan üçün də Almaniya kimi nəhəng iqtisadiyyatla əməkdaşlıq bir sıra istiqamətlərdə böyük əhəmiyyət daşıyır:
"Enerji mənbələrinin ixracı, alternativ enerjinin inkişafı və nəqliyyat-logistika sisteminin qurulması baxımından bu əməkdaşlıq mühüm rol oynayır. Gələcəkdə Almaniyanın ixtisaslaşdığı avtomobilqayırma və digər sənaye sahələrində, eləcə də ölkəmizdə inkişaf etdirilməsi nəzərdə tutulan dağ-mədən sahəsi və yeni neft layihələrində alman şirkətlərinin iştirakı gözləniləndir. Vaxtilə alman şirkətlərinin Azərbaycanın bank sistemində strukturunun olması və yerli banklarla əməkdaşlıq etməsi əlaqələrin dərinləşməsi üçün zəmin yaradır".
Həmsöhbətimiz əlavə edib ki, Azərbaycanın regiondakı əhəmiyyətinin artması fonunda Almaniya ölkəmizi həm də Mərkəzi Asiya və Çin ilə əməkdaşlıq məhsullarının Avropaya çatdırılması üçün demək olar ki, alternativi olmayan mühüm tranzit ölkə kimi qiymətləndirir:
"Avropa İttifaqının və xüsusilə Almaniyanın bölgədəki (Mərkəzi Asiya, Azərbaycan, Qafqaz) bir çox investisiya layihələrində iştirakı, həmçinin Azərbaycanın Mərkəzi Asiya ilə güclü əlaqələrə malik olması Almaniyanın bu əməkdaşlıqda maraqlı olmasını şərtləndirən əsas amillərdəndir. Dövlətlər arasındakı münasibətlərin dərinləşməsi iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yaradacaqdır".
