Alen Simonyan Armen Qriqoryanı tənqid edib: “Bəs o, son 8 il ərzində nə ilə məşğul olub?”


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, Avropa İttifaqına üzvlük istəyinin yeni konstitusiyada təsbit edilməsi hazırda gündəmdə deyil və buna ehtiyac yoxdur.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İctimai Televiziya” kanalına müsahibəsində Alen Simonyan danışıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Avropaya yaxınlaşmağa çalışdıqca Moskvanın təsir dairəsinə daha çox düşmək barədə keçmiş Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın irəli sürdüyü fikirləri şərh edib.
Qriqoryan nümunə kimi 2013-cü ildə Serj Sarkisyanın Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə danışıqlar aparmasına baxmayaraq, bir gecədə qərarını dəyişərək Ermənistanı Gömrük İttifaqına qoşmasını göstərib.
Simonyan bildirib ki, Qriqoryanın mövqeyinə hörmətlə yanaşır, çünki o, əvvəllər də oxşar fikirlər səsləndirib. Bununla belə, Simonyanın onun ünvanına iki sualı var.
“Bəs son 8 il ərzində özü nə edirdi? O da Qərbə yaxınlaşmağa çalışmırdımı? Bu halda sual yaranır, özü nə edirdi? Onun balanslaşdırılmış siyasət apardığını demək yalan olardı, çünki belə olmayıb. O, balanslaşdırılmış siyasət yürütməyib, avropayönümlü istiqamətin tərəfdarlarından biri olub. Bəs son səkkiz il ərzində nə ilə məşğul olub, bu tezis çərçivəsində nə edib?”, - deyə Simonyan bildirib.
O, 2013-cü il nümunəsinin də yersiz olduğunu qeyd edib. Simonyanın sözlərinə görə, seçilmiş hakimiyyət mövcud olduqda və bu hakimiyyət Brüsseldən, Moskvadan, Vaşinqtondan və ya başqa paytaxtdan təyin edilmədikdə, qərarları ölkənin özü verir.
“2013-cü il nümunəsi yersizdir. Çünki seçilmiş hakimiyyətin olduqda və hakimiyyətin Brüsseldən, Moskvadan, Vaşinqtondan və ya başqa bir paytaxtdan təyin edilmədikdə, nə edəcəyinə özün qərar verirsən. Bir çox məsələlərdə bizə dəfələrlə təsir göstərməyə çalışıblar. Bu, bir gecədə deyil, bir ay ərzində, bizə atəş açmaqla, hücum etməklə həyata keçirilməyə çalışılıb. Ermənistanın yolunu bu və ya digər istiqamətə dəyişmək istəyiblər, lakin buna nail ola bilməyiblər. Çünki Ermənistanın seçilmiş hakimiyyəti var”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə
Teleqraf.az+1 mənbə