Ağdaşda qanunsuz tikintilərə qarşı nəzarət gücləndiriləcək


Ağdaş Rayon İcra Hakimiyyətində bir sıra inzibati ərazi dairəsi üzrə nümayəndələrlə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə baş tutan iclasda inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə görülmüş işlər təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub.
Görüş zamanı qanunsuz tikintilərin qarşısının alınması istiqamətində nəzarətin gücləndirilməsi və özbaşına tikinti hallarına yol verilməməsi xüsusi vurğulanıb. Həmçinin ərazidə sanitar-epidemioloji şəraitin qorunub saxlanılması məqsədilə əhali arasında mütəmadi maarifləndirmə işlərinin həyata keçirilməsi və mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq cərimələrin tətbiq olunması məsələləri diqqət mərkəzində saxlanılıb. Bundan əlavə, vətəndaşların əmlak təhlükəsizliyinin təmin olunması baxımından əhali arasında maarifləndirmə tədbirlərinin aparılması və daşınmaz əmlakın sığortalanması prosesinin daha geniş vüsət almasının vacibliyi qeyd edilib.
Rayon rəhbəri müzakirə olunan məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib, qarşıdakı dövrdə xidmətlərin keyfiyyətinin yüksəldilməsi və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret göstərişlərini çatdırıb.
