Ağdamın tarixi-mədəni irsi! - ŞƏRH

2 dəq oxu
Xəbər
Ağdam Azərbaycan xalqının çoxəsrlik tarixini, milli-mədəni dəyərlərini və zəngin ənənələrini özündə birləşdirən qədim yaşayış məskənlərindən biridir. Bu şəhərin tarixi əhəmiyyəti yalnız coğrafi mövqeyi və iqtisadi imkanları ilə deyil, həm də burada formalaşmış mədəniyyət və mənəvi irslə müəyyən olunur. Ağdam ərazisində aparılmış arxeoloji tədqiqatlar bölgədə qədim insan məskənlərinin mövcudluğunu və inkişaf etmiş təsərrüfat ənənələrini təsdiqləyir.
Üzərriktəpədə aşkar edilmiş maddi-mədəniyyət nümunələri Ağdamın qədim şəhərsalma tarixində mühüm yer tutduğunu göstərir. Qarabağ xanlığının tarixi ilə bağlı olan İmarət Kompleksi də bölgənin dövlətçilik və mədəniyyət tarixinin mühüm yadigarlarındandır. Ağdam Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası şəhərin tarixi-memarlıq simasının formalaşmasında xüsusi əhəmiyyət daşımışdır. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində bu zəngin irsin böyük hissəsi dağıntılara və talanlara məruz qalmışdır. Ağdamın uzun illər xarabalığa çevrilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinə vurulmuş ciddi zərbə idi. Şəhərin dağıdılmış vəziyyəti onun tarixi kimliyinin silinməsinə yönəlmiş vandalizm siyasətinin acı nəticələrini nümayiş etdirirdi.
Buna baxmayaraq, Azərbaycan dövləti Ağdamın tarixi-mədəni irsinin qorunmasını və bərpasını özünün mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. İşğaldan azad olunmadan sonra tarixi abidələrin bərpasına başlanılması milli yaddaşın qorunması istiqamətində mühüm addım oldu. Ağdam Cümə məscidinin bərpadan sonra yenidən istifadəyə verilməsi bu sahədə görülən işlərin əhəmiyyətli nümunəsidir. İmarət Kompleksinin bərpası isə Qarabağ xanlığının tarixi irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Ağdam Muğam Mərkəzinin yaradılması şəhərin mədəni həyatının dirçəldilməsində xüsusi rol oynayır. Bu mərkəz milli musiqi sənətimizin təbliği, muğam ənənələrinin yaşadılması və gənc istedadların yetişdirilməsi üçün mühüm imkanlar yaradır.
Tarixi-mədəni obyektlərin bərpası ilə yanaşı, onların elmi əsaslarla tədqiqi və beynəlxalq səviyyədə tanıdılması da vacib istiqamətlərdən biridir. Bu proses Azərbaycan xalqının tarixi irsinə sahib çıxmaq iradəsini və milli-mənəvi dəyərlərinə sədaqətini nümayiş etdirir. Ağdamın mədəni dirçəlişi həm də gələcək nəsillərin öz tarixini daha dərindən öyrənməsi üçün mühüm zəmin yaradır. 20 Noyabr – Ağdam şəhəri günü bu baxımdan yalnız azadlığın deyil, həm də milli yaddaşın, tarixi irsin və mədəni kimliyin bərpasının rəmzidir.
Tural Kərimov Neftçala rayonu
Mənbə
1 mənbə

jpg_1790429423jpg_1790674709jpg_1792149847jpg_1792231597jpg_1795162877.jpg)

