“Bələdiyyələr bu yükü daşıya bilməyəcək”

1 dəq oxu
Xəbər
20-11-2026 12:27
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
Mənzil İstismar Sahələrinin (MİS) ləğv edilərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsi son dövrlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu təklifin reallaşması mənzil-kommunal təsərrüfatının idarə olunmasında yeni yanaşmanın formalaşmasına səbəb ola bilər. Lakin burada əsas sual bələdiyyələrin üzərinə qoyulacaq əlavə vəzifələri yerinə yetirmək üçün kifayət qədər maliyyə, kadr və texniki imkanlara malik olub-olmamasıdır. Hazırda bir çox bələdiyyənin mövcud resursları və fəaliyyət imkanları bu məsələnin ciddi şəkildə müzakirəsini zəruri edir. Bəs MİS-lərin ləğvindən sonra onların funksiyalarını bələdiyyələr uğurla icra edə biləcəkmi, yoxsa bu dəyişiklik yeni problemlər yaradacaq?
Binəqədi rayon Binəqədi bələdiyyəsinin yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri Tamilla Qulami Herbiand.az-a açıqlamasında bildirib ki, MİS-in ləğv edilərək, onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi yerli idarəetmədə ciddi dəyişikliklərə səbəb ola bilər:
“Bu, sakinlərin problemlərinin daha operativ həllinə, məhəllələrin, həyətlərin, yaşayış binalarının və kommunal infrastrukturun idarə edilməsində məsuliyyətin birbaşa yerli qurumların üzərinə düşməsinə şərait yaradar, həm də dövlət büdcəsinin pulu səmərəli istifadə olunar. Vətəndaş da probleminin həlli üçün müxtəlif qurumların qapısını döymək əvəzinə, seçdiyi yerli nümayəndəlikdən hesabat tələb edə bilər. Bəs bugünün bələdiyyələri buna hazırdırmı? Təəssüflər olsun ki, mövcud vəziyyətdə bələdiyyələrin maliyyə imkanları, texniki bazası, kadr potensialı və idarəetmə təcrübəsi belə böyük yükü daşımaq üçün yetərli deyil. Bu səlahiyyətlərin maliyyə təminatı olmadan verilməsi problemləri həll etmək əvəzinə, yeni bürokratik çətinliklər yarada bilər”. Tamilla Qulami deyib ki, MİS-lərin ləğvi təkcə struktur dəyişikliyi kimi deyil, real yerli özünüidarəetmə islahatı kimi həyata keçirilməlidir: “Əvvəlcə bələdiyyələr gücləndirilməli, maliyyə mənbələri genişləndirilməli, şəffaflıq və hesabatlılıq mexanizmləri qurulmalıdır. Əks halda, sadəcə bir qurumun adını dəyişib səlahiyyətlərini digərinə vermiş olacağıq”.
Məhəmməd Əliyev
Herbiand.az
Mənbə
1 mənbə



