Ağdamın azadlığı – tarixi ədalətin təntənəsi


Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar milli yaddaşımıza qürur, sevinc və sonsuz iftixar hissi ilə həkk olunur. 2020-ci il noyabrın 20-si də həmin unudulmaz tarixlərdən biridir. Həmin gün Ağdam rayonu Ermənistanın uzun illər davam edən işğalından azad edilərək Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ, tarixi ədalətin təntənəsi oldu. Ağdamın işğalı Azərbaycan xalqına böyük faciələr yaşatmışdı. 1993-cü il iyulun 23-də rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Doğma yurd-yuvalarından didərgin düşən ağdamlılar uzun illər Vətən həsrəti ilə yaşadılar. Bir zamanlar abad küçələri, məktəbləri, mədəniyyət ocaqları, bağları və zəngin təsərrüfatı ilə seçilən Ağdam xarabalığa çevrildi. Şəhərin və kəndlərin dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi işğalın ağır nəticələrindən oldu. Azərbaycan dövləti və xalqı bütün bu illər ərzində doğma torpaqların azad olunacağına inamını itirmədi. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və ordu quruculuğu strategiyası, onun milli maraqlara əsaslanan siyasi xətti Azərbaycanın gələcək qələbələrinin möhkəm təməlini yaratdı. Ümummilli liderin ideyaları əsasında güclənən dövlətimiz iqtisadi, siyasi və hərbi potensialını artıraraq ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl addımlar atdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərdi. Qırx dörd gün davam edən müharibə nəticəsində torpaqlarımızın böyük hissəsi, o cümlədən Şuşa şəhəri hərbi yolla azad edildi. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Beləliklə, Ağdamın azadlığı həm hərbi-siyasi qələbəmizin, həm də xalqımızın birliyinin mühüm nəticəsi oldu. Ağdamın azad olunması yalnız bir rayonun işğaldan qurtulması demək deyildi. Bu, illərlə yurd həsrəti çəkən minlərlə insanın doğma torpağa qayıdış ümidinin gerçəkləşməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin bərpası istiqamətində tarixi addım idi. Ağdamlıların qəlbində yaşayan yurd sevgisi, şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı bu qələbənin mənəvi gücünü daha da artırır. Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin Baş planı əsasında müasir infrastruktur yaradılır, yaşayış binaları, məktəblər, sosial və mədəni obyektlər inşa olunur, yollar və kommunikasiya xətləri yenilənir. Ağdam Sənaye Parkının fəaliyyəti bölgənin iqtisadi potensialının inkişafına, yeni iş yerlərinin açılmasına və dayanıqlı məşğulluğun təmin edilməsinə xidmət edir. Bütün bu işlər doğma şəhərin yenidən dirçəldiyini, həyatın öz axarına qayıtdığını nümayiş etdirir. Ağdamın yenidən qurulması Böyük Qayıdış proqramının mühüm tərkib hissəsidir. Məqsəd təkcə dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, sakinlərə təhlükəsiz, rahat və müasir yaşayış şəraiti yaratmaqdır. Doğma yurdlarına qayıdan ailələrin sevinci Azərbaycanın qələbəsinin ən gözəl mənəvi nəticələrindəndir. Ağdam yenidən qurulduqca onun tarixi siması, mədəni həyatı və iqtisadi imkanları da dirçələcək. Ağdamın azadlığı bizə bir daha göstərdi ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli rəhbərlik və rəşadətli ordu qarşıya qoyulan ən böyük məqsədlərə çatmağın əsas şərtləridir. Bu qələbə uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilməli, qazilərimizin fədakarlığı unudulmamalıdır. Onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq nümunəsidir. 20 noyabr – Ağdam Şəhəri Günü xalqımızın yaddaşında azadlıq, qayıdış və dirçəliş rəmzi kimi yaşayır. Əminik ki, Ağdam bundan sonra da Azərbaycanın inkişaf edən, gözəlləşən və firavan şəhərlərindən birinə çevriləcək. Bu torpaqda həyatın yenidən canlanması xalqımızın iradəsinin, dövlətimizin gücünün və tarixi ədalətin bərpasının təntənəsidir.
Ayaz Novruzov Yeni Azərbaycan Partiyası Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri