ABŞ və Qətər Yaxın Şərqdə təhlükələrin qarşısının alınmasını müzakirə edib


ABŞ Dövlət katibi Marko Rubio və Qətərin Baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Yaxın Şərqdə təhlükələrin qarşısının alınması və regional sabitliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 23-də Vaşinqtonda keçirilən görüşdə Rubio Qətərin beynəlxalq səviyyədə vasitəçilik səylərini yüksək qiymətləndirib.
Dövlət katibi Yaxın Şərqdə təhlükələrin qarşısının alınması, sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş çərçivəsində ABŞ və Qətər arasında strateji dialoqun səkkizinci raunduna start verilib.
Tərəflər iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin möhkəmliyini təsdiqləyərək iqtisadiyyat və təhlükəsizlik sahələrində prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Qeyd edək ki, Qətər ABŞ və İran arasında dolayı danışıqlarda əsas vasitəçilərdən biridir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 22-də “Fox News” telekanalına açıqlamasında Vaşinqton və Tehranın münaqişənin dayandırılması ilə bağlı dolayı məsləhətləşmələri davam etdirdiyini bildirib.
Tramp həmçinin İranla razılıq əldə olunmayacağı təqdirdə Yeni ildən sonra bu ölkəyə zərbələrin bərpasına meyilli olduğunu açıqlayıb.
Dərc vaxtına görə
İzmedia.azoxuduğunuz
ABŞ və Qətər Yaxın Şərqdə təhlükələrin qarşısının alınmasını müzakirə edib